DAĞISTANDA VƏZİYYƏT QARIŞIB –Baş nazirdən merə qədər niyə qandallandı? – Təfərrüatlar + VİDEO

Fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirilib. Axşam saatlarında isə Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib. Vasilyev həmçinin hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti (yeni hökumət formalaşanadək) olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verib.

Daxili İşlər Nazirliyinin mərkəzi aparatından bildiriblər ki, əməliyyat tədbirləri fevralın 4-dən 5-nə keçən gecə başlayıb. Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları baş nazir (hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən) Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov  və digər yüksək vəzifəli məmurların evlərində, iş yerlərində axtarış aparılıb. Dünən adıçəkilən məmurlarkorrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlanılıblar. 

 

Dağıstanın Tabasaran, İzberbaş, Botlix, Buynaks rayonlarında, həmçinin Mahaçqalada əməliyyat tədbirləri davam etdirilir. Yuksək vəzifəli məmurların kütləvi həbsinin bitmədiyi və saxlanılanların olacağı deyilir. Nazirlikdən onu da bildiriblər ki, Dağıstandakı vəziyyət Federal Təhlükəsizlik Xidmətinin rəhbəri  Aleksandr Bortnikovun birbaşa nəzarətindədir. 

Hazırda Mahaçqalada Baş Prokurorluqdan olan qrup işləyir. Şəhər meriyası isə xüsusi nəzarət altındadır. Mahaçqala meri Musa Musayev yanvarın 21-də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs olunmuşdu. 

Rusiya İstintaq Komitəsi Dağıstanın rəhbər şəxslərinin həbsini büdcə vəsaitlərinin mənimsənilməsi üzrə aparılan təhqiqatla izah edib. Rusiya Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən dələduzluq edilməsi maddəsi üzrə cinayət işi başladılıb. İstintaqın versiyasına görə, sosial proqramların həyata keçirilməsi adı altında büdcə vəsaitləri oğurlanıb. Söhbətin hansı proqramlardan getdiyi açıqlanmır. İş materialları ilə tanış olan DİN rəsmisi deyib ki, saxlanılanlara mütəşəkkil cinayətkar birlik qurmaq ittihamı da irəli sürülə bilər. 

Abdusəməd Həmidovun evində və iş yerində aparılan axtarışlar zamanı 1 ədəd qızıl TT tapançası, 2 ədəd “Kalaşnikov” avtomatı, həmçinin 2 başqa tapança aşkarlanıb. 

Putin və Vasilyev

Daxili İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, məmurlarla bağlı materiallar iki il əvvəldən toplanmağa başlanılıb: “Cinayət işinin başladılması üçün federal mərkəzdən siyasi qərar gözləyirdilər. Vladimir Vasilyevin gəlişi ilə miqyaslı “təmizləmə” əməliyyatı başladıldı. Bu əməliyyata Vasilyevin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra qərar verildi”.

Kremlin rəsmi saytında yayılan xəbərə görə, Vasilyev Putinin qəbulunda ötən il dekabrın 4-də olub. “Vətəndaşlarımızın respublikanın hər sahəsində qayda-qanunun yaradılmasına dair xahişi əsasında kömək üçün müraciət etdim. Baş prokurora minnətdarlıq etmək istəyirəm ki, yeni prokurorun namizədliyinə razılıq verdi. İnsanlar bu qərarları gözləyirlər. Hamı Rusiyadakı kimi qayda-qanun istəyir”, – deyə Vasilyevin Kremlin mətbuat xidməti tərəfindən yayılan açıqlamasında qeyd olunurdu. 

Dağıstanda hakimiyyət ənənəvi olaraq etnik klanlar arasında razılaşma əsasında qurulur. Hər bölgəyə fərqli klanın təmsilçisi nəzarət edir. Lakin bu dəfə həbslər konkret klan üzrə gerçəkləşmədi. Məsələn, Abdusəməd Həmidov dargindir və Dağıstanın Levanşinski rayonunun Mekegi kəndindəndir. İsayev avardır və Həmidovla münasibətləri heç vaxt yaxşı deyildi. Yusufov isə ümumiyyətlə, tabasaranlıdır. Yəni onların hər biri ayrı-ayrı klanları təmsil edir. Bununla belə, ən ağır zərbə Mekegi kəndindən çıxanlara – mekegin klanının təmsilçilərinə vurulub. Bu klana Abdusəməd Həmidov daxildir. Onun böyük qardaşı – respublikanın keçmiş maliyyə nazri Həmid Həmidov 1996-cı ildə Mahaçqalada törədilən teraktda həyatını itirmişdi. Mahaçqalanın həbs olunan meri Musa Musayev də bu klandan idi. Klanın iri fiqurlarından biri də Həmidovun yaxın qohumu – Mahaçqalanın keçmiş rəhbəri, icbari tibbi sığorta fondunun rəhbəri Maqomed Suleymanovdur. 

Dağıstanın keçmiş mətbuat və kommunikasiya naziri Nəriman Hacıyevin dediyinə görə, ölkə elitasına hücum regiona yeni rəhbərin – Rusiya Dumasında “Vahid Rusiya” fraksiyasının keçmiş rəhbəri, polis generalı Vladimir Vasilyevin gəlişi ilə bağlıdır: “Güc strukturları üzərində nəzarəti təmin etmək, əsas postlara öz adamlarını yerləşdirmək lazımdır. Vasilyev regiona rəhbər gələn kimi oğurluq və korrupsiyanın miqyasını görmüş oldu”. 

Musa Musayev

Yerli sakinlər deyir ki, Dağıstan Rusiyanın ən çox korrupsiyalaşmış regionlarındandır: “Burada rüşvətsiz heç bir işi həll etmək mümkün deyil. İşə düzəlmək istəyirsənsə, rüşvət verməlisən. Oğlum hərbidə işləmək istəyirdi, rüşvət vermək üçün pul yığmalı olduq. Qohumum polisə düzəlmək istəyirdi, ailəsinin pulu çatmadı deyə, başqa regiona getdi”.

Dağıstan hökumətinə yaxın mənbə bildirib ki, fevralın 5-dəki həbs dalğasından sonra çoxları təşviş içində növbənin ona çatacağını gözləyir. Dağıstanın iri məmurları ilə yanaşı, büdcə təşkilatlarında çalışanlar, hətta baş həkimlər də narahatlıq içindədir. 

Ötən ayın sonlarında həbs olunan Mahaçqala meri Musa Musayev baş nazir Abdusəməd Həmidovun adamı idi. Həmidov 90-cı illərdə Mahaçqalanın “Elbin” kommersiya bankına rəhbərlik edəndə Musayev orada valyuta şöbəsinin müdiri olub.

Musayevin həbsindən bir neçə gün əvvəl – yanvarın 13-də Vladimir Vasilyev açıqlama verdi ki, Dağıstana tezliklə Moskvadan xüsusi qrup gələcək. Yoxlamanın aparılması ilə bağlı təşəbbüs isə Rusiya baş prokuroru Yuri Çaykatərəfindən irəli sürülmüşdü. 

Yanvarın 16-da Dağıstan Hesablama Palatası öz maliyyə yoxlamalasının nəticələrini açıqladı. Məlum oldu ki, Mahaçqala meriyasında 3 milyard rublluq maliyyə pozuntusu olub. Büdcə vəsaitlərindən düzgün istifadə olunmayıb, tikinti xərcləri şişirdilib, bələdiyyə satınalmalarında pozuntulara yol verilib. 

 

Ramazan Abdulatipov

Nazirlərin, həmçinin Mahaçqala merinin həbsi Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun sərt  reaksiyası ilə qarşılanıb. Bu şəxslər məhz Abdulatipovun vaxtında vəzifəyə gətirilmişdi və onun kadrları hesab olunurdu. 

Baş verənləri məqsədli kampaniya adlandıran Abdulatipov bildirib ki, konkret məsələlər üzrə konkret ittihamlar varsa, araşdırma aparılmalıdır. Əks halda, respublikanı belə psixoloji gərginlik altında saxlamaq lazım deyil. 

Abdulatipov istefaya ötən il oktyabrın 3-də göndərilib. Onu qəfil Rusiya Prezident Administrasiyasına çağıraraq istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmişdilər. Abdulatipov qərarı təəccüblə qarşılamışdı. Belə ki, o, müddətin sonuna qədər vəzifəsində qalacağını düşünürdü. 

Ekspertlər deyir ki, Dağıstandakı “təmizləmə əməliyyatı” regionda köhnə idarəetmə modelindən birdəfəlik qurtulmaq cəhdidir. Buna qədər daxildə müxtəlif nüfuzlu klanlar arasında balans yaradan yerli elita regionda stabilliyi təmin edirdi. İndi isə bu idarəetmə üsuluna tam son qoyurlar: “Vasilyev federal qüvvələrin köməyi ilə faktiki olaraq yerli elitaya meydan oxudu. İndi onun qarşısında duran əsas vəzifə kadr məsələsini həll etməkdir. Yerlilərdən heç kimə etibar edə bilməz. Başqa regionlardan isə Dağıstana gəlib işləmək istəyənlər çox deyil”. 

Dağıstan hökumət üzvlərinin saxlanılma anı

Strateq.az