Əlikram Xurşidovun məhkəməsində polis mayorundan kuryoz ifadə: “Ya kişi idi, ya qadın”

Bu gün Şirvan Rayon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun işi üzrə məhkəmə prosesi başlayıb.

Bu haqda “Basta”ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, məhkəmədə iş üzrə zərərçəkən kimi tanınan şəxslərin ifadələri dinlənilib. Nemət Kərimli, zərərçəkənlərin ziddiyətli ifadələr verdiyini vurğulayıb. Vəkil qeyd edib ki, istintaqda bir sıra qanunsuzluqlara yol verilib.

“Məsələn, Əlikram Xurşidova qarşı ittihamlarda ən çox adı keçən şəxs Elnarə Kərimovadır, amma o, cinayət işində nə zərərçəkən, nə də şahid kimi tanınıb. Hesab edirəm ki, istintaq Elnarə Kərimovanın məhkəmədə ifadə verə bilməyəcəyindən narahat olaraq, onu zərərçəkən, yaxud şahid kimi tanımağı lazım bilməyib”, – Nemət Kərimli bildirib.  

Məhkəmə prosesində Əlikram Xurşidovun ailə üzvləri ilə yanaşı, Müsavatın bir qrup təsilçisi və üzvləri də iştirak ediblər.

mehkeme

Prosesdə iştirak edən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, məhkəmədə zərərçəkən kimi tanınan şəxslərin bəzi ifadələri proses iştirakçılarının gülüşünə səbəb olub.

“Vəkil Osman Kazımov zərərçəkən kimi tanınan polis mayoru Elçin Talıbova sual verdi ki, o, tibbi ekspertizadan harada keçib. Polis cavab verdi ki, yadımda yoxdur. Sonra sual verildi, ekspert kişi idi, yoxsa qadın. O da cavab verdi ki, ya kişi idi, ya da qadın”, – Gülağa Aslanlı bildirib.

Məhkəmə prosesində Əlikram Xurşidov ona qarşı ittihamların uydurma olduğunu və siyasi sifarişlə həbs edildiyini bəyan edib. 

Proses fevralın 22-də saat 11:00-da davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci ilin noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan “xuliqanlıq” ittihamı irəli sürülüb. Daha sonra o, polisə xəsarət yetirməkdə də ittiham edilib.

Müsavat Partiyası bu ittihamları əssasız sayır, Əlikram Xurşidovun siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyini bildirir.

 

Bastainfo.com