ABŞ rəsmisi Azərbaycandakı növbədənkənar seçkilərə münasibət bildirdi

Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq, azad və ədalətli keçirilsin.

Bunu Bakıda ABŞ Dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycana səfərinin yekunları ilə bağlı bu gün Amerika səfirliyində keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycana səfərinin məqsədləri haqqında danışan ABŞ rəsmisi Bakıda keçirdiyi görüşlərdən danışıb. 

“Səfərim çərçivəsində bir sıra məhsuldar görüşlər keçirmişəm. Bu görüşlərin sırasında Azərbaycan prezidenti, xarici işlər naziri, müxalifət partiyasının lideri və Amerika Ticarət Palatası ilə görüşlərimi deyə bilərəm” – Bricet Brink bildirib

Xanım Brink “Amerikanın səsi”nin “Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparmısınızmı?” sualının cavabında deyib:

“Bizim Azərbaycan hökumətinə fikirlərimiz və tövsiyələrimiz ondan ibarətdir ki, Azərbaycan Konstitusiyasına və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli seçkilər keçirilsin. Biz həmişə demişik və bir daha bildirmək istəyirik ki, ABŞ inklüziv demokratik proseslərin, insanların azad kampaniya keçirmək, azad toplantılar keçirmək, öz fikirlərini açıq şəkildə ifadə edə bilmək imkanlarının, həmçinin müstəqil medianın olduğu bir şəraiti dəstəkləyir”, – Dövlət Departamentinin rəsmisi qeyd edib.

ABŞ dövlət katibinin köməkçisinin müavini Amerikanın Səsinin demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı aparılan müzakirələrin detallarının nədən ibarət olması ilə bağlı sualının cavabında diplomatik müzakirələri açıqlamayacağını bildirib.

brink 6

“Amma bildirə bilərəm ki, ABŞ-ın uzunmüddətli mövqeyi ondan ibarətdir ki, biz insan haqlarına və fundamental dəyərlərə hörmət edilməsini, bizim Azərbaycanla olan ikitərəfli əlaqələrimizin – bu əlaqələrə təhlükəsizlik, enerji və digər sahələr daxildir- çox vacib ümumi elementi hesab edirik. Biz inanırıq ki, insan haqlarına hörmət, korrupsiya ilə mübarizə, qanunun aliliyi, Azərbaycanda biznes mühiti, ümumi iqtisadi inkişaf və sabitlik baxımından çox vacibdir. Bir daha prezident Trampın Milli Təhlükəsizlik Strategiyasında bir fikrinə istinad etmək istəyirəm ki, ABŞ-ın ən sıx əlaqələri bizim dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Hesab edirəm ki, sadaladığım məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Yenə də hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür”.

Xanım Brink “Azadlıq” Radiosunun bu radionun bağlanması ilə bağlı məsələlərin söhbət mövzusu olub-olmaması barədə sualının cavabında deyib:

“Azərbaycan hökumətinin nümayəndələri ilə müzakirələrimizdə “Azadlıq” Radiosunun məsələsinə də toxunduq. ABŞ-a qayıtdıqdan sonra bununla bağlı hesabat hazırlayacam. Qaldı ki radionun bağlanmasının Azərbaycanda media mühitinə nə kimi təsir göstərməsinə, mən bu sahədə ən doğru qiymətverici mütəxəssis deyiləm. Amma ABŞ ümumilikdə azad media tərəfdarıdır. Biz hesab edirik ki, fərqli, müxtəlif fikirlərin mövcudluğu istənilən demokratiyada xəbərlərin etibarlılığına və inanılmasına şərait yaradır. Biz dünyanın hər yerində azad medianın dəstəklənməsinin tərəfdarıyıq və hesab edirik ki, bu, ümumi işlərin ən vacibidir”.

ABŞ rəsmisi “Meydan” televiziyasının prezident İlham Əliyevin dördüncü dəfə seçkiyə getməsi və yenidən hakimiyyətdə qalacağı ilə bağlı ABŞ-ın mövqeyi barədə sualına cavabda deyib:

“Diplomatiyada öyrəndiyimiz qaydalardan biri budur ki, hələ baş verməyən haqqında qabaqcadan fikir bildirməyək. Yəni, baş verməyən barədə reaksiyanın necə olacağı ilə bağlı mən indidən nəsə deyə bilmərəm. Ancaq fundamental, əsas mövqeyimizi demək istəyirəm ki, hökumət olaraq biz azad və ədalətli seçkilərin həmişə tərəfdarı olmuşuq. Hesab edirəm ki, bu istəyimiz Azərbaycan Konstitusiyasına və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə uyğundur”,- o qeyd edib.

Qeyd edək ki, Bricet Brink dünən ölkə başçısı İlham Əliyevlə, bu gün isə MSDM-in sədri və Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərlə görüşüb.

 

Bastainfo.com