Əvvəlcə sevdiklərini itirdi, sonra… – Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist (FOTOLAR)

Ötən il tanınmış jurnalist Zabil Müqabiloğlunu itirdik. Zabil 19 il Azərbaycan mətbuatı üçün can qoyub. İndi Zabilin nə atası var, nə anası. Bu həyatda onun iki bacısı və bir oğlu nişanə qalıb. Elə Zabilin bacısı Sevinc xanımın dəvəti ilə Moderator.az saytı olaraq Pirşağı qəsəbəsində Zəngilandan didərgin düşmüş soydaşlarımızın yaşadığı “Məşəl düşərgəsi”nə yollandıq. Bizi Zabilin bacısı Sevinc xanım və oğlu Əli qarşıladı.  Zabil 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində doğulub. 1993-cü ildə torpaqlarımızın ermənilər tərəfindən işğal olunduqdan sonra Zabilin ailəsi də Zəngilandan qaçqın düşüb. Onlar İmişli rayonunda müvəqqəti məskunlaşıblar. Bir müddət İmişlidə yaşadıqdan sonra yaxınlarının dəvəti ilə ailəsi Pirşağı qəsəbəsindəki düşərgədə yaşamağa başlayıblar. Əgər bunun adına yaşamaq deyilərsə…
“Zabil heç o sudan içə bilmədi…”
Bacısı Sevinc xanım və yaxın qohumu Sevil xanım deyir ki, burda yaşamaq üçün onda heç bir şərait yox idi. Zabil bu çətinliklərlə susuz, qazsız düşərgədə böyüyərək universitetə qəbul olundu. Zabil Bakı Asiya Universitetinin jurnalistika falültəsinə qəbul olunur. Tələbə vaxtlarından mətbuatda yazıları ilə çıxış etməyə başlayır. Elə yaşadığı düşərgənin susuzluq problemini dəfələrlə mətbuatda işıqlandırdığı üçün tənqid atəşinə tutulur. Amma, bu yolda heç kim onu dediyindən döndərə bilmir. Yaxın qohumu Sevil xanım deyir ki, Zabilin hər dəfə işıqlandırdığı susuzluq problemi üç ay öncə həll olundu. Zabil heç o sudan içə bilmədi. 24 il düşərgəyə əlləriylə su daşıyıb Zabil. 
“Qızı dünyasını dəyişdi, həyat yoldaşından ayrıldı…”
Hərbi xidmətini başa vurduqdan sonra ailə həyatı quran Zabilin həyatında bir çox hadisələr baş verib. 2005-ci ildə Türkan adlı qızı ağır xəstəlikdən dünyasını dəyişir. 2016-cı ildə isə həyat yoldaşından ayrılaraq tək yaşamağa başlayır. Sonradan Zabilin özünün səhhətində problem yaranır. Müalicə üçün İrana yollanır. Bacısı Sevinc xanım olanları belə xatırlayır:
“Həkimlər Zabilə dedilər ki…”
“Zabilin qara ciyərində çürümə gedirdi. Beş il müalicə ilə yaşadıqdan sonra yenə vəziyyəti pisləşdi. Həkimlər bu dəfə ona dedilər ki, qara ciyərin artıq çürüyüb və əməliyyat olunsan, sağ çıxmaya bilərsən. Bunu üçün də o, ancaq müalicəylə yaşamağa başladı. Axırıncı dəfə yenə ağır vəziyyətdə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırdıq. Fevralın 26-da Xocalı faciəsi günü gecə saatlarında dünyasını dəyişdi. Fevralın 27-də Pirşağıda atamın, anamın və qızı Türkanın yanında Zabili dəfn etdik. Bizim ailəyə faciə bir-birinin ardıyca gəldi. Təsəvvür edin ki, 2015-ci ilin aprel ayında atam, 2016-cı ilin dekabr ayında anam və üç ay sonra fevral ayında Zabil dünyasını dəyişdi”. 
Xatırladaq ki, Zabil müəllim ailəsində doğulub. Atası və anası 32 saylı Zəngilan orta məktəbində müəllim işləyiblər. Zabilin 13 yaşında Əli adlı oğlu var. İndi Əli anasıyla yaşayır. Nitq qüsuru var. Müalicə olunmalıdır. Bunun üçün isə ailənin elə də maddı imkanı yoxdur. Atasızlığı hələ 12 yaşında dadan Əli, ilk dəfə  atasının ölüm xəbərini eşidəndə, inanmadığını deyir:
“Bibim zəng vurub dedi ki…”
“Atamla biz çox yaxın olmuşuq. Həmişə mənimlə maraqlanırdı, dərslərimlə məşğuıl olurdu. Hər gün ya atam, ya da mən zəng vurub hal əhval tuturduq. Xəstəxanada olanda həkimlər məni atamın yanına buraxmadılar. Sonra bildim ki, atam çox ağır vəziyyətdə oluğundan istəməyib ki, mən onu elə görüm. Ölüm xəbəri isə mənim üçün gözlənilməz oldu. Bibim zəng vurub dedi ki, atan dünyasını dəyişdi. Əvvəl inanmasam da, sonradan bunun doğru olduğunu bildim. Həmin gün mənim heç yadımdan çıxmaz”. 
“Şeir və hekayələr yazıb…”
Zabil Müqabiloğlu jurnalistik fəaliyyətinə görə dəfələrlə xarici ölkələrdə səfərlərdə olub. 2009-cu ildə Türkiyədə ilin ən yaxşı “Ergenekon məhbusları ilə bir gün” yazısına görə təltif edilib. Jurnalistik fəaliyyəti ilə bərabər Zabil həm də şeir və hekayələr də yazıb. Bacısı Sevinc xanım deyir ki, bu yaxında Zabilin il mərasimi ərəfəsində “Son zəng” adlı şeir və hekayələr toplusu çapdan çıxacaq. Kitabın ərsəyə gəlməsində tanınmış jurnalistlər Həbibə Abdulla, Famil Cəfərli, Xalid Kazımlı və Qurban Cəbrayıl dəstək olublar. Kitabın çap xərclərini isə Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşov öz üzərinə götürüb. Hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva isə kitabın təqdimatının keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə tapşırıq verib. Sevinc xanım bu köməyə görə adları çəkilən insanlara da öz minnətdarlığını bildirir. 
Biz söhbətimizi yekunlaşdırıb jurnalist həmkarımızın ailəsinə başsağlığı verib oradan ayrıldıq. Allah rəhmət eləsin. 
Vasif Əlihüseyn
Moderator.az