Pensiyaların gecikdirilməsinin səbəbi açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi qrafikə əsasən Bakı şəhərində pensiyaların ödənilməsinə ayın 8-dən başlanılmalı olsa da, bu günə qədər pensiyaların verilməsinə başlanılmayıb. Bu gün nazirlik gecikmənin səbəbini açıqlayıb. 

Bildirilir ki, hazırda pensiyalara edilmiş artımlarla bağlı müvafiq dəqiqləşdirmələr aparılır. Fevral ayının 13-dək bu işlərin yekunlaşdırılması və fevral ayının 14-dən etibarən fevral ayı üzrə pensiyaların maliyələşdirilməsinə başlanması nəzərdə tutulur.

Bunu Oxu.Az-ın sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

Yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar”.

 

Bastainfo.com