Rusiyada təyyarə qəzasında ölənlərdən biri Azərbaycan vətəndaşıdır

Rusiya Fövqəladə Hallar Nazirliyi bazar günü Moskva yaxınlığında qəzaya uğrayan AN 148 sərnişin təyyarəsində həlak olanların siyahısını açıqlayıb. Məlum olub ki, onların arasında Azərbaycan vətəndaşı da var.

RİA Novosti xəbər verir ki, uğursuz reysə bilet alanların arasında iki xarici ölkə vətəndaşı, o cümlədən Namiq Qəhrəmanov adlı Azərbaycan vətəndaşı da olub.

Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

 

Azərbaycan vətəndaşı N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiyada 3 illik yaşamaq icazəsi olan  N. Qəhrəmanovun Orskda tikiş sexi olub. 

Azərbaycanın rəsmi qurumları bununla bağlı hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, təyyarənin qəzaya uğraması nəticəsində 71 nəfər həlak olub.