Putin xəstələnib? Rusiya prezidenti bütün görüşlərini təxirə saldı

Rusiya prezidenti Vladimir Putin yaxın günlərə təyin olunan bütün görüşləri və ictimai tədbirləri təxirə salıb. Bu haqda Dojd TV Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Putin bundan əvvəl Soçiyə səfərini ləğv edib. Bu addımın səbəbi barədə ictimaiyyətə məlumat verilməyib. Müşahidəçilər prezidentin səhhətində problemlərin artmasından tutmuş, Suriyadakı vəziyyətin mürəkkəbləşməsinə qədər ən müxtəlif versiyalar irəli sürülər. 

Putin çərşənbə axşamı Kremldə vətəndaş mikroelektronikası mövzusunda görüş keçirməli imiş. Çərşənbə günü isə Strateji Təşəbbüslər Agentliyi tərəfindən icra edilən “Mentor” Forumunda iştirak etməliymiş. Amma gün səhər bu tədbirlərin təxirə salındığı bildirilib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  Putinin planlarını dəyişdirməsinin səbəbləri ilə bağlı Dojd TV-nin sualına cavab verməyib.

Məlumatda bildirilir ki, Vladimir Putinin bazar günü Moskva yaxınlığında 71 nəfərin həlak olması ilə nəticələnən təyyarə qəzasından sonra hadisə yerinə getməməsi də təəccüb doğurub. Peskov jurnalistlərin bu barədə sualını cavablandırarkən bildirib ki, prezident hadisə yerinə getməkdənsə, qəza ilə bağlı tədbirlərin koordinasiya edilməsini üstün tutub.  

Dojd TV qeyd edir ki, sonuncu dəfə Putin Fələstin lideri Mahmud Abbasla keçirdiyi rəsmi görüşdən sonra kameraların qarşısına çıxarkən, onun səsində xırıltı olub və bunu görə üzr istəyib. Görüşdə iştirak edən Peskov,  “soyuqdəyməsi var, amma işləməkdə davam edir” – replikasını atıb.  Məlumatda qeyd edilir ki, bundan əvvəl Putinin və Medvedyevin səhhətində soyuqdəymədən daha ciddi problemlər olanda da, Kreml bu məlumatları gizli saxlayıb. 

 

Bastainfo.com