Kreml xəyanətdə suçlandı: Suriyada ABŞ-ın əks-hücumu nəticəsində ölən rus əsgərlərinin siyahısı böyüyür

Conflict Intelligence Team (CİT) qrupunun araşdırmaçıları fevralın 7-də Suriyada ölən daha üç rus əsgərinin adlarını müəyyən ediblər. Bu haqda Dojd TV məlumat yayıb.

Bildirilir ki, Kremlin təsdiqlədiyi əsgərlərdən əlavə ABŞ-ın fevralın 7-də Suriyadakı hərbi əməlliyyatları zamanı Ruslan Qavrilov, İqor Kosoturov və Stanislav Matveyev də həlak olublar.

Bloombergin məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın fevralın 7-də Suriyanın Deyr- ez-Zor vilayətindəki neft-qaz yataqlarına ələ keçirməyə çalışan hərbi qruplaşmaları bombalaması nəticəsində azı 200 nəfər həlak olub və onların əksəriyyəti müqavilə əsasında səfərbər olunan Rusiya hərbçiləridir.

Məlumatda bildirilir ki, Rusiyanın hərbi qərargahı Pentaqondan aldığı sorğuya cavab olaraq, Conoco neft-qaz yatağına hücuma keçən hərbçilərin arasında rusların olmadığı haqda ABŞ-a məlumat verib.  Bundan sonra ABŞ həmin hərbi qruplaşmanı artilleriya və bombardmançı təyyarələr vasitəsilə atəşə məruz qoyub. Nəticədə əksəriyyəti Rusiyalı muzdlu olan 200-ə yaxın hərbçi həlak olub. 

Rusiya KİV-də yayılan bəzi başqa məlumatlara görə, isə ölənlərin sayı 600 nəfərə yaxındır. Qeyd edilir ki, Rusiya ordusu Suriya kampaniyasına başladığı gündən bu yana görünməmiş böyük sayda itki ilə üzləşib.

Məlumata görə, ABŞ-ın məhv etdiyi hərbi qruplaşma Rusiya Silahlı Qüvvələrində qeydiyyata salınmayan “ÇVK Vaqner” dəstəsidir. Rusiyanın zabit və əsgərlərindən ibarət olan bu hərbi birləşmə Kremlin sifarişi ilə Suriyada Bəşər Əsəd rejimini müdafiə edir. Fevralın 7-də bu qruplaşma Suriya kürdlərinin nəzarətində olan neft-qaz yatağını ələ keçirmək üçün hərəkətə keçib. ABŞ bununla bağlı Moskvaya məlumat verib, lakin Rusiya Silahlı Qüvvələrinin qərargahı hücuma keçənlərin Rusiyaya aid olmadığını bildirdikdən sonra Pentaqon həmin dəstəni məhv edib.

Ehtimal edilir ki, fevralın 7-də Suriyada ölən rusların sayı barədə Kremlin susmasının səbəbi bir tərəfdən ölən əsgərlərə görə Rusiya Silahlı Qüvvələrinin məsuliyyət daşıması, digər tərəfdən isə Rusiyanın bölgədə əsas dayağı olan kürdlərin nəzarətində olan neft yatağına onlar tərəfindən hücum təşkil edilməsinin ifşa olunmasıdır.    

Bu məlumatları şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın əks-hücumu zamanı ölənlərin Rusiya vətəndaşları olduğunu inkar etməyib.

“İstisna deyil ki, Suriya ərazisində Rusiya Federasiyasının vətəndaşları var. Amma onlar RF Silahlı Qüvvələrinə aid olan şəxslər deyil. Amma istənilən halda, nə olursa-olsun, onlar RF vətəndaşlarıdırlar”- Peskov deyib.

Fevralın 7-də ABŞ-ın hərbi əməliyyatları nəticəsində yüzlərlə rusiyalının öldüyü barədə sualı cavablandıran Dmitri Peskov, Kremldə bu bərada detallı məlumatların olmadığını deyib. 

Kremlin bu mövqeyi Rusiyada narazılıqla qarşılanıb. AİM özəl kəşviyyat şirkətinin rəhbəri Aleksey Sobolev bunu xəyanət adlandırıb.

sobolev

“Bizim fikrimizcə, əsas versiya xəyanətdir, insanları görə-görə ölümə göndəriblər. Onlara tapşırıq verib əməliyyata göndəriblər, amma bunu Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırmayıblar”,  – Sobolev deyib.

Qeyd edək ki, bu ərəfədə Rusiya prezidenti Vladimir Putun yaxın günlərə təyin edilən görüşlərini və rəsmi tədbirləri təxirə salıb. Müşahidəçilərin irəli sürdüyü versiyalardan birinə görə, Putin Suriyada vəziyyətin pisləşməsi ilə əlaqaədar bir müddət cəmiyyətin qarşısına çıxmamaq qərarına gəlib.

 

Mustafa Hacıbəyli

Bastainfo.com