Yavlinski Putindən rus əsgərlərinin kütləvi həlak olmasına görə hesabat tələb etdi

Rusiya prezidentliyinə namizəd, Yabloko blokunun lideri Qriqori Yavlinski prezident Vladimir Putindən fevralın 7-də Suriyada rus əsgərlərinin kütləvi həlak olmasına görə hesabat tələb edib.

Bu haqda Unian.net məlumat yayıb.

Qeyd edək ki, dünya mətbuatı fevralın 7-də ABŞ aviasiyasının Suriyada neft-qaz yatağına hücum edən hərbi qruplaşmanı məhv etdiyini, nəticədə əksəriyyətinin rus olduğu 200-ə yaxın hərbçinin həlak olduğu haqqında məlumat yayıb.

 Rusiya KİV-də yayılan bəzi başqa məlumatlara görə, isə ölənlərin sayı 600 nəfərə yaxındır. Qeyd edilir ki, Rusiya ordusu Suriya kampaniyasına başladığı gündən bu yana görünməmiş böyük sayda itki ilə üzləşib.

Məlumata görə, ABŞ-ın məhv etdiyi hərbi qruplaşma Rusiya Silahlı Qüvvələrində qeydiyyata salınmayan “ÇVK Vaqner” dəstəsidir. Rusiyanın zabit və əsgərlərindən ibarət olan bu hərbi birləşmə Kremlin sifarişi ilə Suriyada Bəşər Əsəd rejimini müdafiə edir. Fevralın 7-də bu qruplaşma Suriya kürdlərinin nəzarətində olan neft-qaz yatağını ələ keçirmək üçün hərəkətə keçib. ABŞ bununla bağlı Moskvaya məlumat verib, lakin Rusiya Silahlı Qüvvələrinin qərargahı hücuma keçənlərin Rusiyaya aid olmadığını bildirdikdən sonra Pentaqon həmin dəstəni məhv edib.

Bu məlumatları şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın əks-hücumu zamanı ölənlərin Rusiya vətəndaşları olduğunu inkar etməyib.

“İstisna deyil ki, Suriya ərazisində Rusiya Federasiyasının vətəndaşları var. Amma onlar RF Silahlı Qüvvələrinə aid olan şəxslər deyil. Amma istənilən halda, nə olursa-olsun, onlar RF vətəndaşlarıdırlar”- Peskov deyib.

Prezident Vladimir Putin isə bu məlumatlara münasibət açıqlamayıb.

 

Bastainfo.com