”Hadı Rəcəbli, sən sus, söz verəndə danışarsan”

Əlil: “140 manatlıq pensiyaya görə İlham Əliyevə səs verməliyəm?”

2018-ci ilin aprelində keçiriləcək növbədənkənar prezident seçkisinin təşviqat-təbliğat kampaniyası başlamayıb. Buna baxmayaraq, seçkiyə kollektivlər adından dəstək verənlər var. Dəstəkçilər bir sıra dövlət büdcəsindən maliyyələşən, eləcə də nizamnaməsində ictimai təşkilat kimi göstərilən qurumlardır. Onlar hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı çağırış ediblər.

Azərbaycan Həmkarlar Konfedrasiyası prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı 5 fevral sərəncamını imzaladığı gün açıqlama yaydı. Bu çağırışı prezidentin köməkçisi Əli Həsənov həmkarların tədbirində səsləndirdi.

Ardınca yaradıcı birliklər – rəssamlar, yazıçılar və bəstakarlar ittifaqları ölkə başçısının namizədliyini dəstəkləyəcəklərini açıqladılar.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə jurnalistlərin İlham Əliyevə səs verəcəyini ifadə etdi.

Fevralın 14-də isə Azərbaycan Ağsaqqallar Şurası, QHT-lər, dini konfessiya rəhbərləri, Elmlər Akademiyası da oxşar bəyanatlar yaydılar.

Hadı Rəcəbli: Bütün əlillər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləyir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli də aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışdı. O, əminliklə bildirdi ki, əlilliyi olan şəxslərin hamısı İlham Əliyevin yenidən prezident seçilməsini istəyir:

“Biz bu gün keçirilən iclasda əlillərin problemlərini müzakirə edirik. Bu məsələ hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısında olub. Ona görə də bütün əlillər istəyir ki, qarşıdan gələn seçkilərdə möhtərəm İlham Əliyev yenidən prezident seçilsin. Cənab İlham Əliyevin yenidən prezident seçilməyi bütün əlillərin ürəyindən olacaq. Çünki bütün əlillərin ən böyük dayağı möhtərəm prezidentimiz İlham Əliyevdir”.

Nə deyəsən, nağıllar ölkəsində yaşayırıq

Meydan TV əlilliyi olan insanların sosial şəbəkələrdə yaratdığı qruplarda deputat Hadı Rəcəblinin dedikləri ilə bağlı sorğu keçirib. Deputatın onların adından dediklərinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını soruşub. 

Əlilliyi olan Mehriban Nadirli deyir ki, nə hazırkı prezident İlham Əliyevin ondan, nə də onun İlham Əliyevdən xəbəri var: “Əgər bizim bir-birimizdən xəbərimiz varsa, Allah Hadı Rəcəbliyə qənim olsun. Məndən bu qədər”. 

Manu Car adlı “Facebook” istifadəçisi isə Hadı Rəcəblinin dediklərinə “Nə deyəsən, nağıllar ölkəsində yaşayırıq”, – deməklə münasibət bildirib.

Hadı Rəcəbli əlilliyi olan insanlarla məzələnmək istəyir…

1-ci qrup əlilliyi olan Zaur Hacılı isə deyir ki, bu, Hadı Rəcəblinin onların adından etdiyi ilk çıxışı deyil:

“2013-cü ildə Hadı Rəcəbli ucuz və yalan siyasətə başlayanda ona sərt etiraz etmişdik. O, bizim reaksiyalarımızı görüb, özünün ayda bir dəfə əlilliyi olan insanlarla görüş təklifini ləğv etmişdi. Görünür, bu açıqlaması ilə “Ramana təcridxanası”ndakı əlilliyi olan insanlarla məzələnmək istəyir…”.

1-ci qrup əlilliyi olan Təbriz Məcidov isə deyir ki, İlham Əliyevin əlilliyi olan insanlardan, onların yaşayışından, güzəranından xəbəri yoxdur:

“Mən neçə illərdir yaşadığım rayonun icra hakimiyyətinə, eləcə də prezidentə yalvarıram. Deyirəm ki, mən birinci qrup əliləm və bir övladım var. Evim yoxdur, heç olmasa, uşağa baxıcı pulu ayırın. Pensiyam buna yetmir. Heç məni sayan da yoxdur”.

Mənim əvəzimə səs verəcəyinə görə Hadı Rəcəbli əmin danışır

Əlilliyi olan Sabir Məhəmmədov isə sual edir ki, Hadı Rəcəbli onun kimi insanların hansının şəraiti, durumu ilə maraqlanıb:

“Bəs indi nə haqla bizim adımızdan danışa bilir? Düzünü deyim, səsvermə günü bülleteni də evə gətirmirlər ki, səs verim. Səsvermə məntəqəsinə isə gedə bilmirəm, çox uzaqdır. Hər halda, özləri adımdan istədikləri adama səs verirlər. Ona görə Hadı Rəcəbli belə əmin danışır”.

Qurban Həsənov deputatın onların adından danışmasına qəzəblənib: “Hadı Rəcəbli kimdir ki, bizim adımızdan, bizim əvəzimizə danışıb?”

Hadı Rəcəbli, sən sus, söz verəndə danışarsan

Fərid Balaşov deputatın çıxışına baxanda “Yol Əhvalatı” filmini xatırladığını deyir:

“Filmin bir kadrı canlandı gözümdə. Demək istəyirəm ki, Hadı Rəcəbli, sən sus, söz verəndə danışarsan”.

Çingiz Günəş adlı istifadəçi isə deyir ki, millətin, əlilliyi olan insanların yerinə kimsə vəkillik etməsin: “Elə biz belə insanların əlindən çəkirik, nə çəkiriksə. Yalan danışır”.

140 manatlıq pensiyaya görə İlham Əliyevə səs verməliyəm?

Tofiq Nəzərov da deputatın dediklərinin yalan olduğunu söyləyir. Deyir, bu gün cəmi 140 manat pensiya alır, onunla dolanmaq çətindir:

“Həmin pula 2 uşaqla, kirayədə yaşayıram. Buna görə utanmaqdansa, əlilliyi olanların adından danışır. Hadı Rəcəblinin dediklərı yalandan başqa bir şey deyil. Şəxsən mən elə bir şey istəmirəm”.

Damla Cəbrayılova deyir ki, nəyə görə İlham Əliyevin prezident olmasını istəməlidir? 140 manat verdiyi pensiyaya görə?

“Bununla dolana bilmirik. Ağrıdan-acıdan bir təhər olmuşuq. Niyə eyni səhvi edək ki?”

“Bizim adımızdan fikir bildirmək hüququnu Hadı Rəcəbliyə kim verib?”

Sevinc Zeynal sual edir:

“Bütün əliliyi olanların adından fikir bildirmək hüququnu Hadı Rəcəbliyə kim verib? Öz şəxsim adına deyə bilərəm ki, mən İlham Əliyevin yenidən prezident seçilməsini istəmirəm. Sosial siyasətdən bəhs edən cənab prezident heç bilirmi ki, əlilliyi olan şəxslərə heç bir sferada güzəşt olunmur? Dövlət Sosial Müdafiə Fonduna 10 gündü sorğu göndərmişəm, cavab gəlmir, amma VÖEN-im olduğu üçün sığorta tələb edirlər. Hərçənd dəfələrlə izah etmişəm, 2018-ci il başlayandan gəlirim olmayıb”.

Təranə Şövkət isə “məncə, hərə öz adından danışsa yaxşıdır”, – deyir.

Yalan danışmaq bunların qanına işləyib

Elçin Cəlil Hadı Rəcəblinin dediklərinin onun fikirləri ilə üst-üstə düşmədiyini söyləyir:

“Sadəcə məsələ budur. Yalan danışmaq bunların qanına işləyib. Başqa da heç nə”.

“Normal dövlətlərdə hakim partiyaların namizədinin belə dəstəklərə ehtiyacı olmur”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli təbliğat-təşviqat kampaniyası başlamamış kollektiv dəstəkləmələrin, kimlərinsə adından açıqlamalar vermənin sovet siyasi sistemindən qaldığını deyir:

“Bir tərəfdən sovet ənənələri saxlanılır, digər tərəfdən də guya çoxpartiyalı sistemdir, alternativ namizədlər var, sərbəst toplaşmaq, ifadə azadlığı üçün şərait yaradılıb. Amma bütövlükdə prosesin özü imitasiyadan başqa bir şey deyil. Normal dövlətlərdə hakim partiyaların namizədinin belə dəstəklərə ehtiyacı olmur”.

Fevralın 13-də isə Milli Məcisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir:

“Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reablitasiyası və məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb” .

 

Meydan TV