Eldar Namazov kəndinə gəldi

Eldar Namazov İlham Əliyevin namizədliyini müdafiə edib. O Eldar Namazov ki, 2013-cü ildə Milli Şuranın təsisçilərindən biri idi.

Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında spekulyasiyalar gedən vaxt o, Milli Şuranın seçki qərargahının rəhbəri təyin edilmişdi.

Milli Şuranın seçki qərargahının ACP qərargahında keçirilən iclasında onunla ciddi mübahisəm olmuşdu:

Eldar Namazov “yerin yiyəsi” olaraq tapşırıq verdi ki, partiyalar seçkidə imza toplayası, müşahidəçi olası adamların siyahısını ona təqdim etsinlər. Dedi ki, həmin şəxslər üçün təlim də keçəcəyik.

AXCP, Ziyalılar Forumu, ACP, ALP və digər təşkilatların nümayəndələri hərəsi böyük bir rəqəm səsləndirib bu siyahıları verəcəklərini bildirdilər.

Mən isə Müsavatın təmsilçisi olaraq, dedim sizə niyə siyahı verməliyik ki?! Dedim sol əllə sağ qulağı tutmaqdansa, sadəcə toplanası imzaların və müşahidə olunası məntəqələrin bölgüsü aparılmalıdır. Dedim ki, Müsavat həm imzaların, həm də məntəqələrin azı yarısını öz üzərinə götürə bilər. Müsavatçıların, cəbhəçilərin görəcəyi işdə Eldar Namazovun vasitəçiliyinə nə hacət var axı? O, yenə dedi ki, təlim keçəcəyik, pul xərcləyəcəyik. Cavab verdim ki, müsavatçılar imza və müşahidə məsələsində şəxsən sizə təlim keçə bilər və heç vaxt haqq mübarizəmizi pulla aparmamışıq.

Aramızda mübahisə qızışdı. ALP-dən Əvəz Temirxan və AXCP-dən 3 nəfər – Asəf Quliyev, Rafiq Daşdəmirli və Gözəl Bayramlı (Allah qapısını açsın) Eldar Namazovun mövqeyini müdafiə etdilər, daha dəqiqi, həmişəki kimi Müsavatın mövqeyinə qarşı getdilər.

Amma mən dirəndim. Mübahisəni uduzduğunu, arqument tapmadığını görən Eldar Namazov mənə xatırlatdı ki, bu iclasın sədri odur və o, söz vermədən kimsə danışmalı deyil. Ona cavab verdim ki, biz Anar Yusifoğlunun debatında deyilik, və burada ciddi bir məsələni müzakirə edirik.

Axırda mən deyən oldu. Siyahı vermədik, onların patronajlığı olmadan özümüz imza topladıq. Rüstəm İbrahimbəyov yox, Cəmil Həsənli üçün lazım olan imzaların təqribən 70-75 faizini müsavatçılar topladı. Məntəqələrdə müşahidəçilərimiz saxtakarlığa qarşı mübarizə apardı, pozuntular barədə aktlar, şikayətlər tərtib etdi. O cümlədən Avropa Məhkəməsinə şikayətlər verildi. Amma ona qədər Rüstəm İbrahimbəyov kimi, artıq Eldar Namazov da  Milli Şurada ön sıralardan çəkilmişdi. O vaxtdan sonra Eldar Namazovun adı bir də bu gün gündəmə gəldi. İlham Əliyevi müdafiə etməsi ilə…

Bu həmin Eldar Namazovdu. O Eldar Namazov ki, Heydər Əliyevin sağlığında televiziyalar üzərində hakimiyyətin senzoru rolunu icra edirdi. Üstəlik, “Panorama”, “Ekspress” kimi hakimiyyətyönlü qəzetlərin kuratoru idi.

Eldar Namazov Heydər Əliyevin katibi vəzifəsində işlədiyi dövrdə Space TV-də siyasi reportajlar hazırlayan həmkarlarım deyirdi: “Bizim bütün reportajlarımız Eldar Namazov yoxladıqdan sonra efirə gedir. Əgər bu reportajlarda Müsavatın xeyrinə yozulası bir şey varsa, qayçılanır”.

Spase TV… Sevil Əliyeva… İlham Əliyev… hünkarın övladları olan bacı-qardaş arasında ziddiyət və onların barışması… Bu da sizə xartiyalar – Eldar Namazovun personası bu qədər bəsit imiş…

Bu, həmin Eldar Namazovdu. O, mövqeyini indi yox, əvvəl dəyişmişdi, indi sadəcə, türklər demiş, kəndinə gəlib.

 

Mustafa Hacıbəyli

Bastainfo.com