KİV: Ziya Məmmədovun evi yandı – Video

Bir sıra Kütləvi İnformasiya Vasitələri İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu barədə məlumat yayıb.

 

APA-nın xəbərinə görə hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.

Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.

Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.

Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.

Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Evin bağbanı yaşayan balaca bir budka yanıb.

Bunu izə Aznyus.az-a açıqlamasında Ziya Məmmədovun qardaşı, Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib. O, bu yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb:

“Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”.

Qeyd edək ki, bir müddət əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun evlərindən birinin yandığı haqda məlumat yayılmışdı. Məlumatlarda iddia edilirdi ki, keçmiş nazir evinin onun əlindən alınmasının qarşısını ala bilmədiyi üçün yandırmaq qərarına gəlib. 

 

Bastainfo.com