Tehranda iğtişaşlar: 5 polis öldü, 30 yaralı – Video

İranın paytaxı Tehran şəhərində “Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb.

İran polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini bildirib. Həmçinin təriqət üzvləri arasında yaralananlar olsa da, onların dəqiq sayı açıqlanmayıb.

Polislərdən 3-ü izdiham zamanı üzərlərinə avtobus sürülməsi nəticəsində, biri minik avtomibili ilə edilən hücumda, biri isə bıçaqlanaraq öldürülüb.

Qeyd edək ki, təriqət üzvü Nemətullah Reyahinin həbs edilməsinə etiraz edən şəxslər Tehranın Pasdaran bölgəsində sözügedən şəxsin saxlanıldığı polis bölməsinin qarşısında toplaşaraq etiraza başlayıb. Polisin xəbərdarlıqlarına məhəl qoymayan kütlə ilə təhlükəsizlik orqanları arasında “Qonabadi Dərvişləri” təriqətinin lideri Nur Əli Tabəndənin evinin qarşısında qarşıdurma yaşanıb.

Axar.az