Yorulmuş atları güllələməyin

Səxavət Soltanlı

Yeni bir tendensiya vüsət almaqdadır: “Sentimental siyasətşünaslıq”.
Qısa olaraq bu tendensiyanın mahiyyəti ondan ibarətdir ki, hər hansı fəaliyyətin, mübarizənin heç bir nəticəsi, perspektivi qalmadığını düşünür, özlərini buna inandırırlar: sonra da ciddi cəhdlə heç bir uğur olmayacağını ətrafdakılara sübut etməyə çalışırlar.

Adətən belə fikirləri o şəxslər səsləndirirlər ki, onların özləri müxtəlif səbəblərdən ümidsizliyə qapılır, yorulur, hiss və duyğular ağlı üstələməyə başlayır, sentimentallaşırlar və s.
İnsan sentimentallaşdıqda, ruhdan düşdükdə isə özündən asılı olmayaraq rasional düşüncəyə qarşı çıxır, adətən bədbinlik, ümidsizlik yaymağa başlayır. Bu qrup insanlar xoşbəxtliyi heç nə etməmək kimi yollarda axtarırlar.
Bipolyar pozuntuya məruz qalmış cəmiyyətlərdə yorulmuş, ümidsiz insanlar da təəssüf ki, bu tərzdə söhbətlərə, müsahibələrə, fikirlərə isti yanaşırlar. Fəaliyyətsizliklərini bu kimi fikirlərlə əsaslandırmağa çalışırlar.

İnsan psixologiyasında belə bir şey var: insanın depressiyasına, ümidsizliyinə, ruhu çöküntüsünə səbəb olan hallardan danışanda onun gözləri parıldayır: əgər o anda mövzunu dəyişməsən, davam etsən xəstə daha diqqətlə və sevərək dinləyir, amma problem dərinləşir.
O cümlədən hər kəs tərəfindən xəstəliyinin ümidsizlik olduğu bilinən cəmiyyətə ümidsizlikdən, depressiv topluma daha da bədbin şeylər danışdıqca düşdüyü durumda özünü haqlı sayır, yerini “möhkəmləndirir”, ümidsizlik və depressiya dərinləşir.
Haqqında danışılan “bədbinlərin” əsas arqumenti odur ki, gördüyümüz işdə, getdiyimiz yolda nəticə yoxdursa, bu iş səhvdir, – tunelin sonunda işıq görünmürsə, tunelin ortasında durmaq lazımdır.

Təəssüf ki, belə düşünən insanlar ictimai-siyasi həyatda da artmaqdadır. Gəlişigözəl sözlərlə ümidsizlik, bədbinlik yayan bu insanlar illərdir ölkəmizdə aparılan siyasi mübarizənin heç bir nəticəsinin olmadığını deyir. Bəziləri kənara çəkilməyi, bəziləri metodu, yolu, bəziləri də yol yoldaşlarını dəyişməyi təklif edir.

Gəlin “Heç bir nəticə yoxdur” məsələsini aydınlaşdıraq.
Həqiqətənmi nəticə yoxdur?
Neçə ildi aparılan mübarizə heçmi nəticə verməyib?

Nəticə dedikdə yalnız hakimiyyət dəyişikliyini düşünsək görərik ki, bəli, o yoxdur.
Amma ortada onlarla fakt, nəticə saymaq olar ki, mübarizənin vacibliyini, əhəmiyyətini anlayaq.

Qəliz olmasın deyə sadə, heç kimdə şübhə doğurmayan faktları sadalayaq.

Bu illər ərzində onlarla mübarizə adamı siyasi səbəblərlə həbs edilib, fədakar insanlara qarşı təzyiqlərlə, təqiblərlə, həbslərlə bərabər demokratik mübarizəyə qarşı milyardlarla pul xərclənib.
Ən sonuncu belə faktlardan biri keçən ilin sonu Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aşkarlandı.
Onlar sənədlərlə sübut etdilər ki, 5 milyard manat pul Azərbaycan hakimiyyəti tərəfindən avropalı rüşvətxorlara xərclənib. Ona görə ki, müxalifətin mübarizəsi zamanı ortaya çıxmış mənzərəyə sussunlar, müxalifətə qarşı basqıları, seçkilər zamanı ortaya çıxan saxtakarlıq hallarını görməzdən gəlsinlər.

Müxalifətin apardığı mübarizədən Azərbaycan hakimiyyəti özünü qorumaq üçün uzun illərdir Rusiya hakim dairələrinə xərclədiyi milyardları da düşünün, üstünə də Amerikada lobbiçilik fəaliyyəti ilə məşğul olan firma və şəxslərə verilən pulları gəlin.
Yerli saxtakarlara, yerli siyasətçilərin, QHT, media nümayəndələrinin ələ alınması üçün sərf olunan milyonları da düşünün.

Nəticə deyil?

Nəticə olduğunu sübut etməyə ehtiyac varsa, əksini fərz edək.
Düşünək ki, bu illər ərzində haqqında danışılan mübarizə olmayıb, mübarizə nəticəsində mövcud hakimiyyətin yerlə bir olmuş imicinin bərpasına milyardların xərclənməsinə ehtiyac qalmayıb.
İndi və ya bura kimi həmin böyük pullar bir qrup adamın daha da azğınlaşmasına, nəinki müxalifətin, bütövlükdə xalqın dayaqlarının, bütün dəyər və ümidlərinin məhv edilməsinə xərclənəcəkdi. İmkan olduqca bu istiqamətdə xərcləyirlər.
“Bədbinlərin” dedikləri kimi nəticəsizlik olsaydı indi biz Şimali Koreyadan heç nə ilə fərqlənmirdik, Özbəkistana, Türkmənistana həsəd aparırdıq.

İlk düşündüklərini, hardasa eşitdikləri çayxana söhbətlərini, ikitərəfli və ya çoxtərəfli şəxsi söhbətlərdə gəlinən ilkin primitiv nəticələri dərhal yazıya və ya çıxışa köçürənlər başa düşməlidir ki, biz yalnız milyardları olan əliyevlər hakimiyyəti ilə deyil, demokratik, mədəni dünyanın səfərbər olub birgə mübarizə apardığı, dünyanın böyük hissəsinə hakimlik edən Rusiya hakimiyyəti ilə mübarizə aparırıq.

Bu mövzu – cəmiyətdə ümidsizlik yayılması indi xüsusi olaraq ona görə narahatlıq doğurur ki, dünyada avtoritar hakimiyyətlərə hamilik edən, xüsusi ilə bizim regionda, konkret olaraq ölkəmizdə azadlıqların qarşısını alan Putin hakimiyyətinə qarşı xüsusi hərəkətlilik var, həmin o fəaliyyətin nəticələri də özünü açıq formada göstərməyə başlayıb. Qarşıdan gələn aylarda da daha açıq görsənəcək.
Rusiya hakimiyyətinin zəifləməsi prosesi gedir. Odur ki, indi nə ruhdan düşmək olar, nə də başqalarını ruhdan salmaq. İndiki məqamda cəmiyyətin sütunları hakimiyyətin dayağı olan ümidsizliyi aradan qaldırmalıdır.

Ciddi və peşakar siyasətçilər və siyasətşünaslar da qəbul edir ki, Azərbaycanda hakimiyyət dəyişikliyi birbaşa Putin hakimiyyətinin dəyişməsindən və ya zəifləməsindən asılıdır.

Bizim demokratik qüvvələrin bura qədər olan və indiki mübarizəsi nə qədər bədii və obrazlı səslənsə də, tutulmaqda olan demokraiya bulağının gözünün tam itməsinə imkan verməməkdir. Damcı-damcı da olsa, suyun gəlməsini saxlamaqdır. Bir gün bulağa su gələndə başqa məcraya yönəlməsin, istiqamətini dəyişməsin deyə sərf olunan əmək kimi.

Bir gün ikibaşlı əjdaha tam zəifləyəndə, böyük inam var ki, bu yaxın vaxtlarda baş verəcək, beynəlxalq və geopolitik şərtlər azadlıqlardan yana dəyişdiyi zaman bura qədər görülən işlərin nəticəsini bütün xalq hiss edəcək.
İndi nəticə yoxdur deyənlər də.

Ən vacibi odur ki, yolun sonuna yaxınlaşma elementləri artıq sözdə deyil, əməldə hiss olunmaqdadır. Azərbaycanın ərazi bütünlüyündən tutmuş demokratik dəyişiklərə qədər müsbət inkişafımızın qarşısını almış Rusiya hakimiyyəti zəifləməkdədir.

Odur ki, indi heç bir halda ruhdan düşmək olmaz, birinci ümidsizlik yayanlara, daha sonra bütün xalqa ümid verməliyik.
Pafos üçün demirəm, bura qədər olan mübarizənin alternativi olmayıb, yoxdur.

Nə mümkün olubsa, edilib.

Avtoritarizimin əsas dayaqlarından biri bədbin cəmiyyət, ümidsiz insanlardır.

Bədbin olmayın, ümidsizlik yaymayın.

28056569_2003829402979193_7165595443914818272_n

bastainfo.com