Kişi kimi mübarizə aparmaq

Siyavuş Novruzov barəsində bu günə qədər nəsə yazdığım, yaxud verdiyi açıqlamalarını ciddiyə alaraq reaksiya verdiyim yadıma gəlmir. Onun son müraciəti barədə burada yazılan ardıcıl rəyləri oxuyandan sonra həmin müraciətlə tanış oldum.

Gəldiyim ilk qənaət budur ki, Vidadi İsgəndərlinin qurşaqdan aşağıya vurduğu zərbə əslində hədəfə dəyib. Yəni, belə bir söz var, dinsizin öhdəsindən imansız gələr. 

Buna baxmayaraq, mən nə Vidadi İsgəndərlinin, nə də son vaxtlar bu iqtidarın ona qarşı apardığı qara piar vasitəsi ilə günbəgün məşhurlaşan Orduxanın açıqlamalarındakı təhqiramiz ifadələri məqbul saymıram. Kiminsə məzarını təhqir etmək nə dərəcədə ikrahdoğurucu bir hərəkətdisə, başqasının ailəsi barədə təhqiramiz ifadə işlətmək də o dərəcədə ikrahdoğurucu hərəkətdi və daxili ləyaqəti olan hər kəs bunu çəkinmədən deməyi bacarmalıdı.

Görünən odur ki, mövcud irticanın ölkədə demokratik qüvvələrə qarşı tətbiq etdiyi qanunsuz, allahsız və mənəviyyatsız mübarizə metodları ənənəvi müxalifətin qəbul etmədiyi qeyri-adekvat mübarizə metodlarının meydana gəlməsinə səbəb olub ki, bu da bir toplum olaraq bizə yaxşı heç nə vəd etmir. Bu mənada iqtidar düzgün addım ataraq Siyavuş Novruzovun dili ilə bu tendensiyanın qarşısını ala biləcək adamlara müraciət edərək onların bu prosesi durdurmasını istəyir.

Bu prosesi durdurmaq həqiqətən vacibdi və bu mənada qanun və sivil normalar çərçivəsində fəaliyyət göstərən müxalifətin bu xoşagəlməz tendensiya ilə bağlı aydın və birmənalı mövqeyinin olması lazımdı və əminəm ki, olacaq.

Siyavuş Novruzova isə müraciəti ilə əlaqədar bəzi olayları xatırlatmaq istəyirəm.

Yadınızdadımı, “Yeni Musavat” qəzetində Nehrəm kəndində tikilən stadionda qalan traktorla bağlı bir yazı dərc olunmuşdu və bu yazıya görə adamları təyyarə ilə Naxçıvandan Bakıya gətirib redaksiyaya hücum təşkil etdilər. O vaxt kütləvi tədbirlərdə polislə mitinqçilər arasında asayişin təmin edilməsi məqsədi ilə yaranmış komissiyanın üzvü olduğumdan məndən polisə müraciət edərək basğın edənləri zərərsizləşdirmək üçün kömək istənilməsi xahiş olundu. Bakı Baş Polis İdarəsinə zəng etdim. Dedilər tədbir görəcəyik. Heç bir tədbir görülmədi. 
Səbail polisi heç nə olmamış kimi prosesi müşahidə edir, onlarla adam qapını sındırmaq üçün sözün həqiqi mənasımda vuruşur, bir qrup musavatçılar və qəzet əməkdaşları isə barrikadada olduğu kimi mübarizə apararaq sındırılan qapıdan basqınçıların içəri daxil olmasına imkan vermirdilər. Hadisə o dərəcədə gərginləşdi ki, hücum edənlər mədəniyyət evi tərəfdən divarı dağıdaraq içəri girməyə cəhd etdilər. Təzədən polisə zəng etdim. Bu dəfə artıq kömək istəmirdim, qışqırırdım, nə dediyim də heç yadımda deyil. Xəttin o başındakı adam isə çox sakit tərzdə “nə özündən çıxmısan,insanların hissləri ilə oynayanda bunun belə nəticələnəcəyini bilməli idiniz” dedi. 
Mən onda başa düşdüm ki, baş verən cinayət hadisəsinin qarşısını almaq üçün kömək istədiyim həmin adam əslində həmin əməliyyatın birbaşa təşkilatçılarından biridir. Bax belə, cənab Novruzov, kişi kimi mübarizə aparmışıq deyəndə,bunumu nəzərdə tutursuz?

İndi eyni sözləri Sizə ünvanlamaq yerinə düşür: “nə özünüzdən çıxmısız,insanların hissləri ilə oynayanda bunun belə nəticələnəcəyini bilməli idiniz”. 

Bu yaxınlarda Orduxanın qohumlarının müraciəti oldu. Onun xalası göz yaşlarında boğula – boğula, “biz Orduxandan bir dəfə imtina etmişik, daha bizdən nə istəyirlər” deyirdi. Sən o qadının gözlərinə baxdınmı, cənab Novruzov, oradakı insan əzabını gördünmü? Kişi kimi mübarizə aparan oğlan, bir fikirləş, müxalifətdə olsaydın və qohumlarını səndən imtina etməyə məcbur etsəydilər, sonra yenə sənin hansısa bəyanatına görə onları təkrar incitsəydilər, sən nə edərdin? Gah dedin məzarı təhqir etməyiblər, gah dedin bunu YAP-çı gənclər təşkil edib, gah dedin lazım gəlsə üzr də istəyərəm, bu işi görənlər də tapılıb cəzalanacaq, sonra yenidən deyirsən belə şey olmayıb, uydurmadır.

Müxalifətdən mövqe tələb edən dost, bəs sənin özünün mövqeyin hardadı, sənin dediklərinin hansına inanaq?

Məzarın təhqir edilməsi olayı hüquqi qiymətini almalı, həmin videosüjeti yayanlar qanun qarşısında məsuliyyətə cəlb edilməlidirlər. Demokratik müxalifət heç bir halda siyasi mübarizənin qeyri-etik müstəviyə keçməsinə özü rəvac verməməli və bu müstəvidə siyasi mübarizə aparanları iqtiddarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq qınaq obyektinə çevirməlidir. Demokratik müxalifətin gücü qanunlara riayət etməsindədi.

Bu Vətən bizimdir!

 

Yazı Vaqif Hacıbəylinin “Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com