Bu adamlar nə istəyir?

Cəmi bir neçə ay sonra isə imkan düşdü, qorxu getdi və milyonlarla azərbaycanlı müstəqilliyə səs verdi və sevindi.

Misal üçün, 1991-ci ildə Qorbaçovun SSRİ-nin saxlanması haqqında referendumunun keçirilməsinə küçədə, mitinqlərdə az sayda Xalq cəbhəsi fəalları, tələbələr etiraz edirdi, döyülürdü, söyülürdü, tutulurdu.

Halbuki 1990-cı ilin yanvar müsibətindən sonra böyük əksəriyyət SSRİ-yə nifrət edirdi. Amma məhz az adamın etiraz aksiyalarında iştirakı nəticəsində hökumət burada referendumu keçirtdi və indi onun saxtalaşdırılmış nəticələrinə baxıb, utanırıq. Guya ki, azərbaycanlıların 90 faizindən çoxu SSRİ-nin saxlanması tərəfdarı imiş. Qonşu Gürcüstan, Ermənistan, Baltik respublikaları isə o referendumda iştirak etmədilər.

Cəmi bir neçə ay sonra isə imkan düşdü, qorxu getdi və milyonlarla azərbaycanlı müstəqilliyə səs verdi və sevindi.

Bu nə deməkdir? Bu o deməkdir ki, həmin o SSRİ-nin saxlanması referendumuna küçələrdə aktiv etiraz edənlər bu ölkənin milyonlarının arzusunun ifadəçisi və onların içində ən şüurlu və fədakarları idilər.

Yaxud götürək elə Azərbaycanda 1917-ci il fevral inqilabından sonra milli-azadlıq hərəkatını. Bu mübarizənin önündə sayı min nəfərə ancaq çatan fədakar öndərlər gedirdi. Çoxları vəziyyəti səthi qiymətləndirərək deyirdi, yazırdı ki, kütlənin əksəriyyəti baş verənlərə biganədir, proseslərdə seyrçidir və sairə. Halbuki Müəssislər Məclisinə azad səs vermə imkanı yaranan kimi yüzminlərlə insan o fədakarlara səs verib, məhz onların tərəfində olduqlarını nümayiş etdirib, onları qalib çıxartdılar. Bu gün həmin o sayı min nəfərə çatmayan fədakar, aktiv insanın hesabına Azərbaycan adında məmləkət var. Onlarla fəxr edirik, qurduqlarının yüzilliyini keçirdəcəyik.

Ona görə heç şübhəniz olmasın ki, mitinqə gələn adamlar saylarından asılı olmayayaraq məhz əksəriyyətin fikrinin, narazılığının ifadəçisidirlər.

Bu adamlar nə istəyir?

Deyirlər ki, seçki ədalətli olsun. Seçki ədalətlidirmi? Əlbəttə yox. Xalq seçkinin ədalətli olmağını istəyirmi? Təbii ki, istəyir.

Bu adamlar deyir ki, korrupsiya olmasın. Korrupsiya varmı? Bəli, özü də ifrat hədlərdə. Xalq korrupsiya ilə mübarizə istəyirmi? Təbii ki, istəyir.

Bu adamlar deyir ki, heç bir günahsız insan şərlənib tutulmasın, siyasi görüşünə görə təqib olunmasın, işdən çıxarılmasın və sairə. Azərbaycanda ədalət varmı? Yox. Xalq məhkəmələrdən ədalət umurmu? Təbii ki, umur.

Ona görə bütün bu tələblərlə mitinqə çıxan insanlar bu millətin ən fədakarlarıdır. Çünki böyük əksəriyyətimizin istədikləri, ürəyindən keçənlər üçün ora çıxırlar. Məhz belələrinə görə buralar hələ Şimali Koreyaya, Türkmənistana dönməyib, Avropaya çevrilmək imkanlarını cüzi də olsa, saxlayır. Fəqət istənilən halda onlar tarixin haqq tərəfindədirlər və onların tərənnüm etdiyi, yuxarıda sadaladığım istəkləri gec-tez qalib olacaq.

P.S. Bilirəm bunu oxuyan deyəcək ki, onda ReAl niyə qoşulmadı bu mitinqə? Məsələ burasındadır ki, hamı Realın məhz bu ideyaların tərəfində olduğunu bilir. Məhz ona görə 5 ildir sədri həbsdədir. Məhz ona görə ReAl-ın digər üzvləri, bu sətrlərin müəllifi daxil cürbəcür təqiblərə məruz qalıblar, həbsə düşüblər, işdən çıxarılıblar, mühacirətə getmək məcburiyyəti ilə üzləşiblər, ölkədən çıxışlarına qadağa qoyulub və sairə.

İndi müzakirə edib, qərar veriblər. Fədakar, ağıllı və savadlı insanların uzun götür-qoydan sonra verdiyi birgə şüurlu qərardır. Ümumən isə ReAl kütləvi aksiyaları mübarizənin ən mühüm vasitələrindən biri hesab edir və düşünürəm ki, dünən mitinqə gedən insanların fədakarlığını da çox yüksək qiymətləndirir.

 

Yazı Altay Göyüşovun “Facebook” səhifəsindən götürülüb.

 

Bastainfo.com