Şagirdləri imtahana aparan mikroavtobus qəzaya uğrayıb

Səhiyyə Nazirliyi Bakı şəhərindən həkim briqadasını rayona ezam edib

Martın 11-də Yevlax rayonunda qəza baş verib. İmtahanda iştirak etmək üçün Aran qəsəbəsinin 1 nömrəli məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb

Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərə görə, xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. 

Digər 5 nəfər xəsarət alan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir.

Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi Bakı şəhərindən həkim briqadasını rayona ezam edib. 

Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmilərinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında olduğu qeyd edilib.

Bu gün 27 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.

 

Bastainfo.com