ABŞ səfiri XİN-ə çağrıldı, rəsmi Bakı Vaşinqtona nota təqdim etdi

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. Ona Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimin prezidenti Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında tədbir keçirməsi ilə əlaqədar etiraz notası təqdim edilib.

Bu haqda XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xarici İşlər Nazirliyinin notası ABŞ Dövlət Departamentinə ünvanlanıb. Notada vurğulanır ki, B.Saakyanın Azərbaycan ərazilərinin işğalını dəstəkləməkdən ötrü ABŞ-da maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsi beynəlxalq hüquqa, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə ziddir.

Sənəddə ABŞ-ın bu addımı ikili standartların təzahürü kimi qiymətləndirilib.

«Bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın obyektivliyi barədə ciddi suallar yaradır», – H.Hacıyev bildirib.

Onun fikrincə, bu addım danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi hələlik XİN sözçüsünün bu açıqlaması ilə bağlı münasibət yaymayıb.

 

AzadlıqRadiosu