ABŞ Azərbaycanın etiraz notasına cavab verdi

Amerika Birləşmiş Ştatları Azərbaycanın etiraz notasına cavab verib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notası ilə bağlı sualının cavabında bildirib:
“ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekuna – gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək”, – səfirliyin cavabında qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İçlər Nazirliyinə çağırılıb.
“Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycanın ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb”, – Hacıyev qeyd edib.