”Polislər dedi, səni lüt soyundurub videoya çəkərik” -VİDEO

Polislər məni döydülər, söydülər, mənə dedilər səni lüt soyundurub youtube-a çəkərik, biabır eləyərik”.

Biləsuvarda köçkünlərin yaşadığı 6 saylı qəsəbədə oğurluq hadisəsi olub. Bu hadisəyə görə 3-cü qəsəbədə yaşayan Rövşən Ağayev martın2-də Cəbrayıl rayon polis şöbəsinə aparılıb. O, cinayəti boynuna götürməsi üçün şöbədə 4 saat döyüldüyünü deyir. Gəncin atası bildirir ki, Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyevin onların ailəsi ilə ədavəti var. Keçmiş icra başçısının əleyhinə danışdığı üçün əvvəllər onun qardaşını polisə aparıb döyüblər.

“Məni döyüb deyirdilər ki, cinayəti boynuna al, çıx get evinə. Başımı tutub stola vururdular. Neyləmirdilər ki, mənə?! Böyrəklərimə, qollarıma vururdular. Stola qaldırırdılar, dirsəklə vururdular. Stolda Sabit, Sahib (polis işçiləri) məni təpikləyirdi. Nazir (polis işçisi) gəlib yumruqlayırdı”.

Oğurluq etmədiyini deyən Rövşən Ağayev daha sonra sərbəst buraxılıb. Aldığı yaralara görə ailəsi onu Cəbrayıl rayon Mərkəzi xəstəxanasına yerləşdirib. Oradan İmişli rayon Mərkəzi Xəstəxanasına aparılan Rövşən daha sonra Bakıya, Respublika Klinik Xəstəxanasına gətirilib. Polis şöbəsində döyülməsi ilə bağlı şikayət edib. Cəbrayıl rayon prokurorluğunun müstəntiqi onun ifadəsini alıb. Rövşən Ağayev polis şöbəsinin rəisi Araz Şahverdiyev də daxil olmaqla onu döyüb, təhqir edənlərin işdən çıxarılmasını tələb edir.

Cəbrayıl rayon polis şöbəsinin növbətçi hissəsindən bildirirlər ki, hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır. Bu barədə şöbənin əməkdaşları danışa bilməzlər.

Rövşən Ağayev isə 15 ildir yaşadığı qəsəbəyə qayıtmağı düşünmür. Qayıdarsa, qorxusuz yaşayacağına inanmır.

Meydan Tv