“Qondarma rejim təmsilçisinin ABŞ-da keçirdiyi görüşlər beynəlxalq hüquqa ziddir” – Müsavatdan açıqlama

Müsavat Partiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” Bako Saakyanın ABŞ-a səfərinin təşkilindən və ABŞ Konqresinində qondarma rejimi təbliğ edən tədbirlər keçirməsinə etiraz edir.

Bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

“Müsavat qondarma rejim təmsilçisinin səfərinin təşkilini, onun müxtəlif dövlət qurumlarında görüşlərinin keçirməsini beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə, həmçinin ABŞ-ın müdafiə etdiyi dəyərlərə hörmətsizlik hesab edir. Müsavat Partiyası hesab edir ki, Minsk Qrupunun həmsədrlərindən biri kimi, konfliktin həllində maraqlı tərəf olan ABŞ Azərbaycanın işğal olunmuş əraziləri məsələsində obyektiv və tərəfsiz mövqe sərgiləməlidir. Bu səfər bütövlükdə Amerika Birləşmiş Ştatlarının konfliktin həllində göstərməli olduğu tərəfsizlik və obyektivliyi ciddi şübhə altına alır, Azərbaycan cəmiyyətində işğalçılara adekvat münasibət göstərilməməsi narahatçılıq doğurur”, – “Basta”ya təqdim olunan məlumatda qeyd edilir.

 

Bastainfo.com