Tramp ABŞ-a yeni dövlət katibi təyin etdi

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun istefa verdiyini bildirib. Dövlət Departamentinin yeni rəhbəri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo olacaq.

İlk dəfə olaraq MKİ-yə qadın, MKİ-nin keçmiş rəhbərinin müavini Cina Qaspel başçılıq edəcək.

D.Tramp Tvitter-də bildirib ki, ABŞ Dövlət Departamentinin rəhbərini istefaya göndərir və onu MKİ rəhbəri Pompeo əvəz edəcək.

“MKİ direktoru Mayk Pompeo bizim yeni dövlət katibi olacaq. O, bu işin öhdəsindən çox yaxşı gələcək. Göstərdiyi xidmətə görə Reks Tillersona təşəkkür edirəm. Cina Qaspel MKİ-nin yeni direktoru və bu posta seçilmiş ilk qadın olacaq. Hamını təbrik edirəm”, – D.Tramp yazıb.

Bundan öncə Amerika KİV-ləri D.Tramp və R.Tillerson arasında ziddiyyətlərin olduğunu bildirmişdi. KİV qeyd edirdi ki, onların arasında ciddi fikir ayrılığı yaranıb, xüsusilə bu, Şimali Koreyanın raket sınaqları və İranın nüvə proqramı ilə bağlı olub.

R.Tillerson kadrlı diplomat deyil. O, dünyanın aparıcı neft şirkətlərindən birində- Exxon Mobil-də çalışıb. Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətləri var. Exxon və “Qazprom” arasında əlaqələrin inkişafına məsul şəxs olub, Rusyanın “Dostluq” ordeni ilə təltif edilib.

Turan İA