Bakı bəyannaməsi imzalandı

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda birinci dördtərəfli görüşü olub.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.

Azərbaycan, Gürcüstan, İran və Türkiyə arasında bəyannamə imzalanıb. 

“Artıq Bakı bəyannaməsini imzaladıq. Bu, çox önəmli sənəddir. Qərara gəldik ki, növbəti görüş Gürcüstanda keçirilsin. Həmin vaxta kimi növbəti görüşlə bağlı fəaliyyət planı üzərində işlərimizi quracağıq”, – Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib. 

Elmar Məmmədyarov bildirib ki, yeni yaranmış format regional əməkdaşlıq üçün çox vacibidir. Nazir cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edib.

Azərbaycan, Türkiyə, İran, Gürcüstan xarici işlər nazirləri

Məmmədyarovun sözlərinə görə, növbəti üç il ərzində İranda 180 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun çəkilişi ilə bağlı razılıq əldə edilib.

“Bununla da cənubdan qərbə doğru yeni nəqliyyat dəhlizi fəaliyyətə başlayacaq”.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze nazirlərin dördtərəfli formatda görüşünün regionda əməkdaşlığın gücləndirilməsinə yeni təkan verəcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, yeni format önəmli infrastruktur layihələrinin, xüsusilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə imkan verəcək.

“Bu format bizə ticarət dövriyyəmizi artırmağa, ölkələrimizə investisiya yatırmağa imkan verəcək. Növbəti görüşdə konkret layihələrə köklənəcəyik və konkret layihələr barədə danışacağıq”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, yeni nəliyyat dəhlizi region ölkələrinin maraqlarına cavab verir.

“Yeni nəqliyyat dəhlizi hər iki qitəni birləşdirməyə imkan verəcək. Yeni nəqliyyat dəhlizi ölkələrimizin və xalqlarımızın marağına uyğundur”.

O bildirib ki, İran güclü regiona inanır. Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək.

“Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik”.

Azərbaycan, Türkiyə, İran, Gürcüstan xarici işlər nazirləri

Nazirlərin növbəti dördtərəfli görüşü Gürcüstanda keçirləcək.

Nazirlərin görüşünün yekunu olaraq imzalanmış Bakı bəyannaməsində deyilir ki, tərəflər regionda sülhün və sabitliyin bərpasında ortaq marağa malikdir, dövlətlərin ərazi bütövlüyünü tanıyır.

Hər dörd ölkə enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə edəcək, iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirəcək.

Tərəflər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini qeyd etdib.

Hər dörd ölkə terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan edib.