“Qaya” şirkəti Gömrük Komitəsini qanunsuzluqda ittiham edir

Mətbuat yayımçısı üçüncü ildir ki, qanunla idxala görə nəzərdə tutulmayan vergini ödəyir

Hər il xarici KİV, kitab və kağız idxalı Azərbaycanın büdcəsinə cəmi 220 min manat gəlir gətirir. “Qaya” çap məhsulları yayımı firmasının direktoru Xahhüseyn Əliyev belə deyir. Prezident İlham Əliyevin hər il bütün KİV-ə ayırdığı beş milyon manat dotasiya ilə müqayisədə bu, çox cüzi məbləğdir. Ancaq ölkəyə xarici qəzet və jurnallar, kağız gətirən şirkət üçün 220 min manat böyük puldur. “Qaya” şirkəti cəmiyyətin intellektual inkişafı üçün vacib olan çap məhsullarının idxalına görə demək olar ki, bu biznesdən gələn gəlirin hamısını ödəyir.

2005-ci ilədək, Vergi Məcəlləsinin çap məmulatları və kağız idxalı üçün gömrük rüsümundan azad edilməsi ilə bağlı hissəsinə əməl olunduğu vaxtlarda “Qaya” şirkəti özündə qalan maliyyə vəsaitinin hesabına inkişaf edirdi. Lakin 2016-cı il yanvarın 1-dən Gömrük Komitəsi həmin mallardan vergi tutmağa başlayıb, baxmayaraq ki, Vergi Məcəlləsinin gömrük vergisindən azad edən 164.1 və 164.7-ci maddələri indiyədək dəyişməyib. Gömrük Komitəsi sözügedən qrupda 40-a yaxın mala məcburi vergi tətbiqini həmin malların vergiqoyuluşundan azad edilməsi haqda Nazirlər Kabinetinin 11 saylı (2005-ci il) ləğvi ilə izah edir. Eyni zamanda 11 saylı qərarın qəbulu əsassız olub, çünki Vergi Məcəlləsi həmin malları vergiqoyuluşundan azad edib”, – “Qaya”nın direktoru Turan-a məktubunda yazır.

X.Əliyev vergi nümayəndələrinin hərəkətlərini qanunsuz hesab edir və onları kağız, qəzet və jurnalların idxalına görə vergi tutmaqdan imtina etməyə məcbur etmək fikrindədir. O həmçinin vergi nümayəndələrinin 2005-ci ildən “Qaya”dan aldıqlarını onlara bağışlamağa hazırdır. O, nazirliyə və idarəyə məktub göndərərək vergi tutulması praktikasına yenidən baxılmasını xahiş edib və rəsmi cavablar alıb. Bu cavablar bir-birinə ziddir. Həmin məktubları araşdıran altı məhkəmə də ziddiyyətli nəticəyə gəlib. Sonuncu instansiya, Konstitusiya Məhkəməsinin 2017-ci il oktyabr tarixli plenumu tamam çaşbaş qalıb və qərara alıb: məhkəmələrdə bu normativ aktların açıqlanmasının qeyri-müəyyən və qeyri-düzgün olduğunu qeyd etmək lazımdır.

Oxucunu bir-birinə zidd olan bənd və yarımbəndləri sadalamaqla yormaq istəmirik. Bütün cavablar ona yönəlir ki, şirkət bu malların alınmasına və satışına görə vergi ödəməlidir. X.Əliyev bununla mübahisə etmir. O, vergi ödəməyə razıdır. Cavablardakı fərq isə idxal zamanı vergi tutulmasının əsaslı olmasına dair izahatlara aiddir. Onu da bildirək ki, X.Əliyevin qovluğunda topladığı sənədlər arasında Vergilər Nazirliyinin (11.02.16), Ədliyyə Nazirliyinin (07.04.16), İqtisadiyyat Nazirliyinin (25.02.16), Maliyyə Nazirliyinin (04.02.16), Dövlət Gömrük Komitəsinin (02.02.18) rəsmi cavabları, həmçinin 2016-cı ildə altı məhkəmənin qərarı var. Bu məhkəmələrdən üçü X.Əliyevin haqlı olduğunu qərara alıb, gömrükdə vergi tutulmasının qanunsuz olduğunu, üç məhkəmə isə Gömrük Komitəsinin tərəfini tutub.

“Qaya” firmasının direktoru Turan-ın müxbiri ilə söhbətində Nazirlər Kabinetinin və ya nazirliklərin fərman və qərarlarının qanundan üstün olduğunu hesab edən hüquqşünasların cavablarından təəccübləndiyini bildirib.

“Əgər onlar hesab edirlər ki, Vergi Məcəlləsi köhnəlib və dövlətin büdcəsinin maliyyə ehtiyaclarına cavab vermir, o zaman Məcəlləni dəyişsinlər. İdxalçılar da biləcəklər ki, qəzet, jurnal, kağız gətirilməsinə görə gömrükçülərə vergi ödəməlidirlər. Ancaq Vergi Məcəlləsinin sözügedən maddələri dəyişmir. Məcəllə Heydər Əliyev tərəfindən qəbul edilib və imzalanıb deyə qanunvericilər ona düzəliş etməyə ürək eləmirlər, kuluarlarda mənə belə dedilər. Lakin qanunvericilik aktları Məcəllədən yuxarı ola bilməz və bu uyğunsuzluq Konstitusiya Məhkəməsi plenumunun son qərarında da məlum oldu.

Biz hüquqi dövlətdə yaşayırıq. Ancaq iki il ərzində dövlət qurumları ilə yazışmalar və məhkəmə çəkişmələri göstərdi ki, ölkəni qanun idarə etmir, qanunu özbaşına şərh edən, xalqın intellektual inkişafı üçün vacib olan bir qrup maldan gömrük rüsumunun tutulması barədə qərar çıxaran orta səviyyəli məmur idarə edir”, – X.Əliyev fikrini yekunlaşdırıb.

 

Turan