Keçmiş siyasi məhbusun beyninə qan sızdı, ona xəstəxanada yer tapılmadı

Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, keçmiş siyasi məhbus Babək Ədalətlinin beyninə qan sızıb.

Bu haqda “Basta”ya onun oğlu Emil Ədalətli məlumat verib. O, bildirib ki, atasının səhhətində yaranan problemlər daim mübarizə meydanında olması, təzyiqlərə və işgəncələrə məruz qalması ilə bağlıdır: “Atam 2013-2015-ci illərdə siyasi məhbus olub. O vaxt “Bandotdeldə” ona işgəncə verilmişdi. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən, onun işgəncəyə məruz qaldığı təsdiqlənib. Bu işgəncələrin nəticəsidir ki, atamın beyninə qan sızıb, agır vəziyyətdədir”.

Emil Ədalətli deyib ki, atasının Musa Nağıyev adına Təcili Yardım Xəstəxanada müalicə olunmasını istəyiblər.

“Amma orada bizə dedilər ki, yer yoxdur. 88-ci ildən bu yana canını vətəni üçün fəda etmiş bir insana bu cür münasibət biabırçılıqdır. Təcili Yardım xidməti atamı məcburi şəkildə Məlikov adına 6 saylı Şəhər Xəstəxanasına yerləşdirib. Amma burada onun normal müalicə alması üçün şərait və avadanlıq yoxdur”, – Emil Ədalətli bildirib.

Emil Əfəndi atasının diqqətdə saxlanması və onun müalicəsinə dəstək üçün həm hakimiyyət strukturlarına, həm də müxalifət partiyalarına müraciət edib.

 

Bastainfo.com