Yevlaxda şəkərsiz deabet xəstələrinə pulsuz dərman verilməsi dayandırılıb

“20 ildən artıqdır ki, şəkərsiz diabet xəstəsiyəm. Həmişə xəstəliyim üçün dərmanları Yevlax Mərkəzi Xəstəxanasından pulsuz almışam. Amma iki aydır ki, xəstəxanaya yeni baş həkim təyin edilib. O gələndən bizə dərman vermirlər”.

Bu sözləri Yevlax rayonu Aran qəsəbəsinin sakini Hacıağayeva Çimnaz İbrahim qızı “Basta” əməkdaşına şikayətində deyib.

Çimnaz Hacıağayeva bununla bağlı həm xəstəxana rəhbərliyinə, həm də Səhiyyə Nazirliyinə şikayət etdiyini, amma heç bir nəticəsi olmadığını bildirib: “Deyirlər ki, ancaq şəhid ailələrinə və əlilərə verilir, amma başqa rayonlarda bu dərmanlar şəkərsiz diabet xəstələrinin hamısına verilir. Ağır xəstəyəm, o dərmanları isə pulla almaq imkanım yoxdur”.

Məsələni dəqiqləşdirmək üçün Yevlax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rövşən Məmmədovla əlaqə saxladıq. O, şəkərsiz diabet xəstələrinə dərmanların verilməsinin dayandırıldığını təsdiqlədi.

“Bu dərmanları biz Səhiyyə Nazirliyindən alırıq. Dərmanlar qurtardığı üçün dayandırılmışdı. İndi gəlib çıxıb. Həmçinin bir məsələ aydınlaşdırılmalıdır ki, şəkərsiz diabetlərə pulsuz dərmanlar verilməsi dövlət proqramına daxildir, ya yox. Bu aydınlaşdırıldıqdan sonra, dərmanların verilməsi bərpa oluna bilər”.

Bunu siz Səhiyyə Nazirliyi ilə aydınlaşdıracaqsız?

Rövşən Məmmədov bu suala “bəli” cavabını verdi. O, bildirdi ki, Yevlaxda Çimnaz Hacıağayevadan başqa 6 şəkərsiz diabet xəstəsi var: “Çimnaz Hacıağayeva ilə də, digərləri ilə görüşüb danışmışıq, vəziyyəti izah etmişik. O dərmanlar ucuz dərmanlar deyil ki, özümüz alıb verək. Məsələni aydınlaşdırmağa çalışırıq”.

Çimnaz Hacıağayeva isə bildirir ki, baş həkim onu qəbul etməkdən imtina edib.

“Polisə məni xəstəxanadan çıxartdırdılar ki, get hara istəyirsən şikayət elə”, – Çimnaz Hacıağayeva bildirib.

 

Bastainfo.com