ADO teatrı küçə tamaşaları üçün azadlıq tələb edir

Ölkədə teatr atmosferi yoxdur – rejissor Elmin Bədəlov

ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) rejissoru Elmin Bədəlov martın 14-də Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan prezidentinə, Avropa İttifaqının Nümayəndəliyinə və səfirliklərə məktub göndərərək, teatrın paytaxtda küçə tamaşaları festivalı keçirmək arzusuna aydın cavab verməyi tələb edib. Bədəlov Turan-a müsahibəsində müraciətlərinin səbəbi haqqında danışıb.

– Mədəniyyət və Turizm Nazirliyi ilə mübahisənizin mahiyyəti nədən ibarətdir?

– Biz Fransada olarkən küçədə teatr tamaşaları izləyirdik və qərara aldıq ki, ADO teatrı öz tamaşalarını Bakının küçələrində nümayiş etdirəcək. Tamaşaçıları bu sənətə cəlb edək, sonra isə küçə teatrı festivalı keçirəcəyik. Nazirlik nümayəndələri nümayiş üçün təklif olunan iki tamaşamıza baxıblar. Nazirliyin əməkdaşı Naidə İsmayılzadə aktrisanın üzərinə tökülən suyun geyimin bədənə yapışmasına səbəb olması və alt paltarının görünməsi bəhanəsi ilə “Hamam” tamaşasına icazə verməyib. “Bu, Bakıya görə deyil”, deyə o bildirib. İkinci, “Qadının səsi” tamaşasına icazə verilib, amma bu icazə şifahi şəkildə verilib. Biz rəsmi cavab istədik, çünki nazirliyə yazılı müraciət etmişdik. Nazirlik yalnız “Qadının səsi” tamaşasına yazılı icazə verməyi vəd edib. Amma mən məktubu aldıqda orada nazirliyin teatra belə icazələr vermək hüququna malik olmadığı yazılırdı. Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi təklif ediblər, orada isə icazəni Mədəniyyət və Turizm Nazirliyinin verməli olduğunu bildiriblər. İki dövlət idarəsi məsuliyyəti bir-birinin üstünə atır. Bu yazışma dörd aydır davam edir.

Buna görə biz nazirliyə, Bakı şəhər İcra Hakimiyyətinə, ölkə prezidentinə, Avropa İttifaqının Bakı Nümayəndəliyinə müraciətlər göndərərək, festival keçirilməsinə icazə verilməsini tələb etdik. Nazir Əbülfəz Qarayevlə görüşmək istəyirik, belə ki, onun tabeliyində olanlar bizimlə kobud danışırlar və ya aydın cavablar vermirlər.

– Nazirlik festival keçirilməsinə icazə vermək hüququna malik deyilsə, nə problem var? Küçələrdə tamaşalarınızı göstərin.

– Avropa İttifaqı və Fransa səfirliyi birlikdə nazirliyə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər, festivalın keçirilməsinə icazə verilməsini xahiş ediblər. Son cavabı gözləyirik, o cavab verilməsə, lazım bildiyimiz yerlərdə tamaşa göstərməyə başlayacağıq. Qanunla şəhərdə tamaşa göstərmək üçün icazə lazım deyil, yalnız hakimiyyəti məlumatlandırmaq lazımdır.

– Yaradıcılıq planlarınız haqqında danışa bilərsiniz?

– Bu yaxınlarda Venesiyada art-festivaldan qayıtdıq, aprel və ya mayda Tbilisiyə qastrol səfərlərimiz olacaq, biz orada artıq çıxış etmişik və Gürcüstan teatrları ilə əməkdaşlıq edirik. ABŞ-da çıxış etmək üçün dəvət almışıq. Sənətimizi Azərbaycanın şəhərlərində və xaricdə nümayiş etdirəcəyik.

– Ölkədə teatr həyatını necə qiymətləndirirsiniz?

– Azərbaycanda teatr atmosferi yoxdur. Teatrlar köhnədir, sovet keçmişinə və irsinə malikdir. Bir dəfə Akademik Dram Teatrının yuxarı yarusunda oturarkən tamaşaçı zalının şəklini çəkirdim, zalda tamaşaçıların əksəriyyəti telefonlarına baxırdılar. Sonra öyrəndim ki, bu teatra biletlər teatrın menecerləri tərəfindən dövlət qulluqçuları arasında məcburi şəkildə yayılır. Bu təcrübə teatrı inkişaf etdirə bilməz. Qoy az, amma həqiqi tamaşaçı gəlsin. İnsanları bizim teatrımıza səhnədə onları narahat edən problemləri görmək və müzakirə etmək imkanı cəlb edir.

Bütün bunlar Azərbaycanda teatr sənətinin azad olmamasından irəli gəlir, bizdə teatrı inkişaf etdirmirlər, boğular. Müasir incəsənət olmadan teatr inkişaf edə bilməz, amma bizim dövlətdə modern qəbul olunmur. Bəzi rejissorlar və aktyorlar bizi həmkarları hesab etmirlər, baxmayaraq ki, teatrımız bir neçə xarici festivalda iştirak edib.

ADO qeyri-dövlət teatrı beş il əvvəl yaradılıb. Aktyorlar özlərini ilk müstəqil teatr adlandırırlar. Bakıda Mirzəağa Əliyev küçəsi, 245 ünvanında yerləşən teatr binasında hər həftə bir teatr nümayiş etdirirlər. Repertuarlarında 30-a yaxın tamaşa var, hər il beş-altı yeni teatr səhnələşdirirlər. Truppa təxminən 10 aktyordan ibarətdir. Teatr bilet satışı hesabına fəaliyyət göstərir. Bədəlov deyir ki, 50-60 tamaşaçı yeri olan teatrın zalı boş qalmır. Onların müstəqil teatra üstünlük verən öz tamaşaçıları var. “Biz dövlət dəstəyi almırıq, bizə yalnız mane olurlar”, deyə rejissor əlavə edib.

Teatrın www.ado.az saytında nazir Ə.Qarayevin və Bakı şəhər İcra Hakimiyyəti Başçısı H.Abutalıbovun şəkilləri yerləşdirilib. Şəkillərin üzərindən “Mədəniyyət və Turizm Nazirliyindən ADO-ya senura!” yazısı keçir.

Nazirlikdən telefonla şərh almaq cəhdləri nəticəsiz qalıb, belə ki, ictimaiyyətlə əlaqələrə görə məsul olan Vüqar Şıxməmmədovun telefonu cavab vermir.

Bastainfo.com