Putin dördüncü dəfə Rusiyanın prezidenti seçildi

Bazar günü Rusiyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə Vladimir Putin dördüncü dəfə prezident seçilib.

Mərkəzi Seçki Komissiyası məlumatlna görə indiyədək ölkə üzrə səslərin 23.96 faizi sayılıb. Bu səslərdən 72,3 faizi Putinə verilib.

Rusiya İctimai Rəyi Araşdırma Mərkəzinin exit poll nəticələri onun səslərin 73,9 faizini, İctimai Rəy Fondunun nəticələri isə 76,3 faizini toplayacağını ehtimal edir.

Səsvermə Rusiyanın şərq rayonlarında Bakı vaxtilə saat 00:00-da başlayıb və Moskvadaki seçki məntəqələri bundan doqquz saat sonra açılıb. Rusiyada 100 milyondan çox insan səsvermə hüququna malikdir.

İlkin nəticələrin bazar günü gecə saatlarında məlum olmacağı gözlənilir. Seçkidə yeddi rəqiblə mübarizə aparan Vladimir Putin dördüncü dəfə prezident seçilərək vəzifəsində daha altı il qalmaq istəyir.

Cənab Putin deyib ki, “prezident vəzifəsini yerinə yetirmək hüququnu” verən hər hansı nəticəni uğurlu sayacaq.

Putinin bu bəyanatı, onun özü Moskvada səs verərkən televizya ilə yayımlanıb.

Onun rəqibləri arasında milyonçu kommunist Pavel Grudinin, keçmiş teleaparıcı Ksenia Sobçak və millətçi Vladimir Jirinovski də var.

Müxalifətin əsas lideri Aleksey Navalnının seçkidə iştirak etməsi qadağan edilib. Hakimiyyət bildirib ki, buna səbəb cənab Navalnının üzərində məhkumluğun olmasıdır. Navalnının özü isə deyir ki, ona qarşı dələduzluq ittihamı siyasi motivli olub. O, vətəndaşları seçkini boykot etməyə çağırıb və seçki məntəqələrinə minlərlə müşahidəçi göndərib.

Ksenia Sobchak votes in Moscow on 18 March 2018Fotonun müəllifiREUTERS Image caption
Ksenia Sobçak bəziləri tərəfindən Kremlin saxta müxalifətçisi olmaqda təqsirləndirilsə də, Vladimir Putinin bəyan etdiyi mövqelərin bir çoxuna qarşı çıxır

65 yaşlı Vladimir Putin 1999-ci ildən bəri, əvvəlcə prezident, sonra isə baş nazir vəzifələrində Rusiyanın dəyişməz lideridir.

Müstəqil seçki müşahidə qrupu Qolos, 1 700-dən çox nöqsanı müşahidə etdiyini deyib:

  • Bəzi məntəqələrdə səsvermə rəsmən başlamazdan əvvəl seçki qutularında bülletenlər aşkar olunub
  • Müşahidəçilərə bəzi məntəqələrə daxil olmağa icazə verilməyib
  • Səs verməyə məcburən gəldikləri düşünülən bir neçə qrup adamın məntəqələrə avtobuslarla gətirildikləri müşahidə olunub
  • Bəzi məntəqələrdə şarlar, plakatlar və digər predmetlər canlı yayım kameralarının görüntülərinə mane olub

Rusiya Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilən seçki məntəqələrinin canlı video yayımlarında bəzi hallarda rəsmilərin qutuları bülletenlərlə doldurduğu nəzərə çarpıb.

Seçki rəsmiləri deyirlər ki, Moskva vaxtilə saat 18:00-dan etibarən seçici fəallığı 59,9 faizdir.

Onlar həmçinin deyiblər ki, seçki günündən əvvəlki gecə saatlarında MSK-nin saytına qarşı kiberhücumun qarşısını alıblar.

Rusiyanın şərqindəki rayonların yerləşən bəzi məntəqələrdə seçici fəallığının 100 faiz olduğu bildirilir. İnterfaks xəbər agentliyinin məlumatına görə, seçki rəsmiləri Kamçatkada altı kəndin bütün sakinlərinin hamılıqla səs verdiyini bildiriblər. Çukotkada da dörd kənddə bütün sakinlər səs veriblər.

 

BBC