Rusiya BMT TŞ-nın iclasına mane oldu

Rusiya BMT Təhlükəsizlik Şurasında “Suriyada insan haqlarının qorunması” mövzusunda iclasın keçirilməsinə imkan verməyib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Biz bu iclasın keçirilməsində heç bir əsasın olmadığını görürürk, belə ki, insan haqları məsələsi Təhlükəsizlik Şurasının gündəm mövzusu deyil”, – deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Qennadi Kuzmin bildirib.

Rusiyanın bu qərarını Çin, Qazaxıstan və Boliviya da dəstəkləyib.

İclasın keçirilməsinə dair BMT Təhlükəsizlik Şurasında Fransa hökuməti vəsatət qaldırmışdı.

Xatırladaq ki, BMT-nin mart ayının əvvəlində verdiyi bəyanata görə, Suriyanın Şərqi Quta rayonunda Bəşər Əsədə sadiq qüvvələrin üsyançılara qarşı əməliyyatlara başladığı iki həftə ərzində 600-dən çox insanın həlak olub, iki mindən çox insan yaralanıb.

Martın 5-də BMT İnsan Haqları Şurası Suriyada insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə dair qətnamə qəbul edib.


www.oxu.az