Samir Aşurov: “Məni İlham Əliyevin şəkillərini yapışdırdığıma görə həbs ediblər”

Bu gün Bakı Apelyasiya Məhkəməsində gənc fəal, inzibati qaydada 30 sutka müddətinə həbs olunmuş Samir Aşurovun şikayətinə baxılıb.

Bu haqda “Basta”ya Samir Aşurovun vəkili Nemət Kərimli  məlumat verib.

“Samir Aşurov məhkəmədə bildirdi ki, ona qarşı irəli sürülən ittiham uydurmadır. Dedi ki, həbs olunmasının səbəbi üzərində ölkə başçısı İlham Əliyevin şəkli olan və “Diktator” sözü yazılmış plakatları Bakıda divarlara və ağaclara yapışdırması, bunun videosununu sosial şəbəkədə paylaşmasıdır”, -Nemət Kərimli bildirib.  

Vəkilin məlumatıma görə, S.Aşurovun şikayəti təmin təmin edilməyib və hökm qüvvədə qalıb.

S.Aşurov martın 12-də axşam saatlarında saxlanılıb. Martın 13-də Səbail Rayon Məhkəməsinin hakimi Aytən Əliyeva onun barəsində 30 günlük həbs qərarı verib.

Samir Aşurovun Respublikaçı Alternativ (REAL) Hərəkatının üzvü olduğu deyilir. Martın 12-də “Made in Azerbaijan” adlı “Facebook” səhifəsində Samir Aşurovun görüntüləri yayılıb. Həmin görüntülərdə o, Avropada yaşayan siyasi mühacirlər tərəfindən həyata keçirilən “Diktatoru tanıdaq” aksiyasını Bakıda da başlatdığını deyir və ağaca, divara İlham Əliyevin şəkillərini yapışdırır. Samir Aşurov etirazını belə əsaslandırır:

“Əgər bir valideyn evə əliboş gedirsə, bu, elə mənim üçün ölümə bərabər bir işdi”.

 

Bastainfo.com