Azərbaycanlı musiqiçi Camal Əli 2018-ci il İfadə Azadlığı Mükafatına namizəddir

Beynəlxalq ifadə azadlığı təşkilatı Index on Censorship Almaniyada yaşayan azərbaycanlı musiqiçi Camal Əlinin 2018-ci il İfadə Azadlığı Mükafatına namizəd olduğunu bəyan edib.

Təşkilat bildirir ki, Camal Əli “Azərbaycan hakimiyyətinin repressiyası səbəbindən” Almaniyaya köçərək Berlində yaşamağa məcbur qalıb.

Index on Censorship həmçinin Camal Əlinin mükafata namizədliyinə dair fikirlərini dərc edib:

“Mən namizədliyimin irəli sürülməsinə sevindim. Bizim etdiklərimizin önəmli olduğunu və bəyənildiyini öyrənmək bizə motivasiya verir. İnsanlara ümid vermək üçün yeni mahnılar üzərində işləyirəm və daha geniş təsir göstərməyə cəhd edirəm. Namizədliyim ən sevdiyim mövzunu bir daha açmağa və bizim azadlıq uğrunda mübarizəmizi bir daha beynəlxalq auditoriyaya çatdırmağa imkan verir.”

Camal Əli 2012-ci ildə, martın 17-i keçirilən müxalifət mitinqində ifasından sonra saxlanmışdı.

Bir neçə gün sonra sərbəst buraxılan musiqiçi saxlanıldığı zaman fiziki təzyiqə, sonra isə işgəncəyə məruz qaldığını deyib.

Hadisələr vaxtı Amnesty International da daxil olmaqla bir çox insan haqları təşkilatları onun saxlanmasını tənqid etmişdi.

Lakin 2016-ci il dekabrın 31-də paylaşdığı müsiqi videosu onun anası və qohumlarının saxlanmasına səbəb olub, Camal Əli deyib.

Musiqiçi deyir ki, polislər ondan videonu silməsini tələb edib. Lakin video müvəqqəti olaraq bloklansa da, hazırda YouTube-dadır

Azərbaycanda hakimiyyət, ölkədə represiyyaların olması barədə iddiaları rədd edir. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanda söz azadlığı olduğunu bəyan edib.

 

BBC