Əli Həsənovun əxlaq dərsi Xəzər TV-yə aiddirmi?

Replika

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov facebook səhifəsində xarici ölkələrdə yaşayan azərbaycanlıları sosial şəbəkələrdə milli-mənəvi əxlaqa sığmayan statuslar paylaşmamağa çağıran iki məqalə yazıb.

​Əli Həsənov gözəl yazıb: “Özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!”.

​Hakimiyyətin media siyasətinin icraçısının ikinci yazısından belə anlaşılır ki, o ilk məqaləsindən sonra, bu məsələdə sağlam bir müzakirənin başlayacağını gözləyirmiş.

“Müraciətim yayılandan sonra daxili müxalifətin, xaricdəki diaspor fəallarının bu polemikaya qatılacağını və indiki qeyri-normal halın aradan qaldırılması yollarının müzakirə ediləcəyini gözləyirdim… Ancaq bu gün dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər”, – Əli Həsənov facebook səhifəsində dərc etdiyi ikinci məqaləsində yazıb.

“Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu ğün də buna hazırıq”, – Əli Həsənov yazıb.

Bir halda ki Əli Həsənov polemika təklif edir, bu mövzuda bir kiçik replika da mən atacam. Ümid edirəm ki, buna görə məni bu ayın əvvəlində olduğu kimi polisə aparıb Bakıdakı oğru dəstələrinə rəhbərlik etməkdə, lotu Quliyə pul göndərməkdə və bu kimi başqa əməllərdə ittiham etçəyəcəklər, övladlarımın hansı məktəbdə oxuduqlarını, dərsə saat neçədə getdiklərini soruşub, dolayısı ilə məni ailəmə xətər yetirməklə təhdid etməyəcəklər. 

Vicdanımız təmizdir – hələ hakimiyyət nümayəndələri bu məsələyə açıq reaksiya vermədiyi dövrdə bəzi siyasi mühacirlərin təhqirə keçməsini qınayan açıq yazılar yazmışam.

Bu gün də, təkcə mətbuatda yox, hətta dostlarımla söhbətlərdə də bunu qınayıram. Deyirəm ki, kişilik bir yana, siyasi baxımdan da bizim ümidimiz qanuni və əxlaqlı mübarizəyədir. Bizim ümidimiz cəmiyyətdə mənəvi dəyərlərə qiymət verilməsinədir. Dəyərlərə qiymət verən, qanuna məhəl qoyan olmasa, hər şey güc müstəvisinə keçsə, biz məğlub olarıq, necə ki oluruq, çünki güc – ordu, polis, məhkəmə, prokurorluq, var-dövlət – onların, yəni mövcud hakimiyyətin əlindədir. Deyirəm ki, biz vəzifəyə və pula görə hər şeyə hazır olan məmurlarla həyasızlıq, tərbiyəsizlik yarışına girə bilmərik, girsək uduzarıq.

Qınayıram. Amma təhqir və başqalarının ailə üzvlərinin şərəf və ləyaqətinə toxunan ifadələri Azərbaycan siyasətinə həmin mühacirlər gətirməyib. Son 25 ildə müxalifət nümayəndələrinin nələr çəkdiyini hamı bilir.

İndiki hakimiyyətin nümayəndələri həmişə güc prinsipindən, “bacarana baş qurban” prinsipindən çıxış ediblər. Güc dedikdə polis dəyənəyini, prokuror sanksiyasını, məhkəmə hökmünü nəzərdə tutublar. Vəzifə və imtiyaz naminə hər tapşırığı, o cümlədən qanunsuz tapşırığı icra etməyə hazır olan məmurların dəstəyini nəzərdə tutublar. Tapşırıqla, yaxud tapşırıqsız Hafiz Hacıyev kimi, Əhəd Abıyev kimi müxalifəti söyməyə hazır olan siyasətçilərin,  yaxud Eynulla Fətullayev kimi, Etibar Hüseynov kimi jurnalistlərin sərəncamına verilən media strukturlarını və holdinqləri nəzərdə tutublar.

Müxalifət təmsilçilərini ayrı-ayrı adamların dili ilə “naftalin iyi verən”, “qoluboy”, “içib kabinetdə xəlçəyə işəyən”, “narkoman”, “xuliqan” adlandırıblar. İndi xaricdə olanlara əli çatmadıqları üçün, hətta onların ailə üzvlərinin də qanunsuz təqib olunmasının effekt vermədiyini gördükləri üçün əxlaq dərslərinə başlayıblar.

Əli Həsənov haqlıdır, ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini təhqir etməz!

Amma  çox maraqlıdır, bu əxlaq dərsi Əli Həsənovun oğlu Şamxal Həsənovun rəhbərlik etdiyi Xəzər TV-yə aiddirmi? Vaxtıyla daxili siyasətə qarışmayan və peşəkar xəbərçiliyinə görə ölkədə ən baxımlı kanal olan Xəzər TV indi, – Əli Həsənovun oğlu ona rəhbərlik etməyə başlayandan sonra, – az qala müxalifətə qarşı çirkab istehsal edən maşına çevrilib.

Məsələn, bu yaxınlarda Xəzər TV-də müxalifət təmsilçilərindən birinin xaricdə olan övladının güya cinsi azlıq nümayəndəsi olmasına işarə edilən çirkin bir reportaj verilmişdi. Əli Həsənov buna nə deyir, görəsən? Maraqlıdır, Əli Həsənovun bu çıxışı Xəzər TV-də gedən çirkin təbliğatın da sona çatması ilə nəticələnəcəkmi? Kaş nəticələnəydi…

Yoxsa, məqsəd ancaq hakimiyyət nümayəndələrini, Əli Həsənovun yazdığı kimi, “dövlətin simvollarını” təhqirdən qorumaqdır? Yoxsa, bu əxlaq dərsi hakimiyyətin nəzarətində olan TV-lərə yox, ancaq hakimiyyətin hələ tam nəzarət edə bilmədiyi, trollar, hakerlər vasitəsilə çökdürməyə çalışdıqları sosial şəbəkələrə aiddir?

Hakimiyyət nümayəndələri Azərbaycan siyasətində illərdir davam edən əxlaqsızlığın, o cümlədən mühacirin atasının məzarının təhqir edilməsinin, yaxud insanların ana-bacısının polisə aparılıb təhdid edilməsinin onlara aidiyyatı olmadığını deyir. Televiziyalardan yağdırılan çirkaba görə də məsuliyyət daşımadıqlarını, onların “müstəqil” olduqlarını deyirlər.

Bəs Əli Həsənov oğlunun rəhbərlik etdiyi Xəzər TV-yə nə deyəcək? Dövlətin media siyasətinin yönəticisi olaraq məsuliyyət bir yana, heç olmasa bir ata kimi məsuliyyət daşımırmı? Axı yazdığı məqalələrdə söhbət, həm də ailədən, başqasının ailəsini təhqir etməkdən gedir?

Əli Həsənov yazdığı kimi, sağlam müzakirə tərəfdarı olsa, bu suallara cavab verər, ədəbli və əxlaqlı bir polemikaya başlayardıq. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com