”İcra başçısı məni ölümlə hədələyir”

Kürd referendumunu dəstəklədiyi üçün işdən çıxarılan məmur prezidentdən kömək istəyir

Laçın Rayon İcra Hakimiyyətində (RİH) Hüquq şöbəsinin müdiri olmuş Fizuli Tanrıverdiyev həyatına təhlükə olduğunu deyir. O, bununla bağlı ölkə başçısına, Birinci vitse-prezidentə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə və Baş Prokurorluğa şikayət məktubları göndərib.

Füzuli Tanrıverdiyev ötən ilin sonlarında “Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini yazdığı üçün vəzifəsindən kənarlaşdırılıb.

O, ölkə rəhbərliyinə ünvanlandığı məktubda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidən şikayətlənir:

“Cənab Prezident! Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Sizin Azərbaycan xalqının güzəranının yaxşılaşdırılması istiqamətində verdiyiniz fərman və sərəncamlar, tövsiyə və tapşırıqlar sakini olduğum Laçın rayonunda işləmir. Belə ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli fərman və sərəncamlarınızı, tapşırıq və tövsiyələrinizi, proqram xarakterli nitqlərinizi qulaq ardına vurmaqla sakinləri dövlətimizdən və hökumətimizdən narazı salmaqa çalışır. Nazir və komitə sədrlərinin iştirakı ilə keçirdiyiniz bütün müşavirələrdə korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mövqeyinizi bəyan etməyiniz hər bir məmura işini xalqa xidmət üzərində qurmasına göstəriş verməyiniz Aqil Nəzərli tərəfindən kobud şəkildə pozulmaqdadır”.

F.Tanrıverdiyev məktubunda Qarabağda zabit kimi savaşdığını, hazırda ehtiyatda olduğunu vurğulayır və qeyd edir ki, indi icra başçısının təhdidi ilə üz-üzə qalıb:

“Yerlibazlığa, qohumbazlığa, rüşvətxorluğa yoluxmuş rayonun idarə və müəssisələrini özünün şəxsi biznes sahəsinə çevirməklə milyonlara sahib olmuş, korrupsiya çirkabına bulaşmış Aqil Nəzərlinin mənə qarşı olan təqib və təzyiqlərindən dolayı özümün və ailə üzvlərimin həyatı təhlükədədir. Cənab Prezident! Hüquq şöbəsinin müdiri işlədiyim vaxtda Aqil Nəzərlinin korrupsiya əməllərini bildiyimdən, onun bu əməllərinin üstünü açacağımdan və yuxarı orqanlara məlumat verəcəyimdən qorxaraq məni təhdid və hədələrə məruz qoyub. Həyatım ciddi təhlükə ilə üz-üzədir. Aqil Nəzərli məni və ailə üzvlərimi öldürdəcəyi ilə hədələyir. Bu hədələrin real olacağı ehtimalının çox olması məni ciddi narahat edir. Çünki Aqil Nəzərli sabiq batalyon komandiri, ermənilərlə işbirliyi qurmuş vətən xaini Vaqif Cabbarovun yeznəsidir və onun köməkliyi ilə həyatıma qəsd etmək imkanları genişdir. Mənim və ailəmin təhlükəsizliyinin təmin olunması üçün aidiyyatı dövlət orqanlarına göstəriş verməyinizi xahiş edirəm”.

Laçın Rayon İcra Hakimiyyətinin Bakıda yerləşən Baş qərargahından deyilənləri “cəfəngiyyat” adlandırıblar:

“Şikayət edibsə, araşdırılacaq, əgər hansısa problem varsa, ortaya çıxacaq. Biz ancaq onu deyirik ki, deyilənlər ağ yalandır, cəfəngiyyatdır”.

 

Meydan Tv