Rusiya mətbuatı Zaxarovanın “Noviçok” zəhəri ilə bağlı yalanını ifşa etdi

Britaniyada rusiyalı cəsus Serqey Skripal və onun qızının zəhərlənməsində istifadə olunan “Noviçok” adlı kimyəvi maddə geopolitikanın əsas obyektinə çevrilib.

Rusiya rəsmilərinin “Noviçok”la bağlı ziddiyətli açıqlamaları mətbuatın diqqətindən yayınmayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi son brifinqdə “Noviçok” adlı zəhərin heç vaxt mövcud olmadığı haqda açıqlama verib.

Mövzunu gündəmə gətirən “Dojd TV” xatırladır ki, bu il martın 12-də TASS agentliyinə müsahibə verən Leonid Rink “Noviçok” maddəsinin istehsalının çoxdan dayandığı və olan nümunələrin məhv edildiyini söyləyib. Lakin Zaxarovanın açıqlamasından sonra Leonid Brinkin dediklərinə düzəliş edilib.

Mövzuya son noqtəni isə “Novaya qazeta” qoyub. Bu qəzetdə “Noviçok” zəhəri və onun yaradıcılarından biri olan Leonid Rink haqqında məqalə dərc olunub.

Məqalədə qeyd edilir ki, Leonid Rink hələ 1995-ci ildə bank rəhbəri İvan Kivelidinin qətlə yetirilməsi ilə bağlı ifadə verib və həmin ifadəsində sinirləri iflic edən “Noviçok” adlı zəhərdən bəhs edilib. Bankirin isə məhz bu zəhərin onun telefon dəstəyinə sürtülməsi nəticəsində həlak olduğu məhkəməsə sübuta yetirilib. Bu məqalə Rusiya rəsmilərinin “Noviçok” adlı zəhərin ümumiyyətlə mövcud olmadığı haqda iddialarını alt-üst edib.

Xatırladaq ki, Zaxarovanın özü martın əvvəlində verdiyi açıqlamasında “Noviçok” zəhərinin Rusiyadan başqa Britaniyada, Slovakiyada, Çexiyada və İsveçdə də mövcud olduğunu iddia etmişdi. Həmin ölkələrin xarici siyasət idarələri iddiaları rədd etmişdi.

 

Mustafa Hacıbəyli

Bastainfo.com