ABŞ mətbuatı: Vaşinqton onlarla rus diplomatını ölkədən çıxara bilər

Prezident Donald Tramp Britaniyada keçmiş rus casus Sergey Skripala qarşı əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə hücuma cavab olaraq Rusiyanın onlarla diplomatının ABŞ-dan çıxarılmasına razılıq verə bilər. Bloomberg agentliyinin administrasiyada istinad etdiyi mənbələrə əsasən verdiyi məlumata görə, bu təkliflə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvləri çıxış edib.

Bundan öncə Ağ Evdə yüksək səviyyəli rəsmilərə istinadən bu haqda CNN tele kanalı məlumat verib. Məlumatlara əsasən, Rusiya diplomatlarının ABŞ-dan çıxarılması ilə bağlı qərar artıq bazar ertəsi elan edilə bilər. Bloomberg xəbər agentliyinin verdiyi məlumata görə, siyahıya Rusiyanın ABŞ-dakı diplomatik missyalarında çalışan xüsusi xidmət orqanlarının işçilərinin salındığı gözlənilir.

Solsböri şəhərində Sergey Skripal və onun qızının zəhərləndirildiyi yerdə tibbi ekspertiza aparılır.
Solsböri şəhərində Sergey Skripal və onun qızının zəhərləndirildiyi yerdə tibbi ekspertiza aparılır.
Mənbələrdən birinin bildirdiyinə əsasən, Birləşmiş Ştatlar onların səfirlik işçiləri adı altında kəşfiyyat fəaliyyəti göstərən casuslar olduğuna inanır.

Verilən məlumata əsasən, ABŞ rəsmiləri Britaniyanın baş naziri Tereza Meyin insidentlə bağlı daha kəskin cavabın verilməsinə dəstək qazanmağa çalışmasından sonra avropalılarla koordinasiya edilmiş cavab üzərində işləyir.

Polis zabiti Sergey Skripalın zəhərləndirildiyi Solsböri şəhərində hadisə yerində Britaniyanın baş naziri Teresa Meyi məlumatlandırır.
Polis zabiti Sergey Skripalın zəhərləndirildiyi Solsböri şəhərində hadisə yerində Britaniyanın baş naziri Teresa Meyi məlumatlandırır.
Avropa İttifaqına üzv ölkələrin liderləri də Avropada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq kimyəvi silah növündən istifadə edilməsinə cavab olaraq birgə fəaliyyət göstərilməsi haqda bildiriblər.

Avropanın 20 ölkəsi, o cümlədən, Fransa, Almaniya, Polşa, İrlandiya, Niderland, Estoniya, Latviya, Litva, Çexiya və Danimarka Rusiya diplomatlarının ölkədən çıxarılmasına hazır olduqlarını bildirib.

 

Amerikanın Səsi