Lerikdə meşədə və Şabranda torpaq sahəsində baş verən yanğın söndürülüb

Ekologiya Nazirliyinin bu günə olan məlumatına görə, 24 mart 2018-ci il tarixində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş vermiş yanğın saat 22-50 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. 

Yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib. 

Həmçinin Şabran rayonunun  yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 24 radələrində tam söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb.

***

Martın 24-də Lerik rayonunda (Bakıdan 305 kilometr cənub) meşə massivində və Şabran rayonunun (Bakıdan 120 kilometr şimal) bələdiyyə torpaqlarında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisində baş verib.

Canlı qüvvə və texnika cəlb olunmasına baxmayaraq yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb. Nazirlik yanğının qarşısının alınması istiqamətində operativ tədbirlərin davam etdirildiyini bildirir.

Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş verən yanğının söndürülməsi üçün əraziyə canlı qüvvə cəlb olunub.

Nzirlik bildirir ki, güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.

 

Bastainfo.com