Nyu York hökuməti baş örtüyü çıxarılan qadına $85 min ödəyəcək

ABŞ-ın Nyu York şəhərinin hökuməti polis şöbəsində baş örtüyü çıxarılmış müsəlman qadına 85 min dollar ödəməyə razılaşıb.

Azadlıq Radiosu yazır ki, 35 yaşlı Rabab Musa deyir ki, 2016-cı il sentyabrın 6-da polislər onu saxlayaraq şöbəyə aparıblar. Orada onu baş örtüyünü çıxarmağa məcbur ediblər, sənədləşmə üçün şəklini çəkiblər. Sonra kişilərlə eyni kameraya salıblar. Daha sonra başqa polis idarəsinə aparıblar. Orda üstünü axtarıblar. Heç bir izahat vermədən ondan “törətdiyi əməli boynuna almağı” tələb ediblər. Heç bir ittiham irəli sürmədən onu 6 saatdan sonra azad ediblər.

Polisin Rabab Musanı niyə saxladığı bəlli deyil. Amma yerli media onun səhvən tutulduğunu yazır.

Müsəlman qadın vəkil tutub məhkəməyə müraciət etmişdi. Manhetten Ali Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

Bundan qabaq Nyu Yorkun Bruklin rayonunda da məhkəmə 3 müsəlman qadının xeyrinə qərar çıxarmışdı. Onlar polisdə baş örtüklərinin çıxarılıb şəkillərinin çəkilməsindən şikayət etmişdilər.

Nyu York polisi şəhər hökumətinə tabedir.

 

Bastainfo.com