Türkmənistanda səsvermə gününü… ‘seçkidən iki həftə əvvəl çəkirlər’

‘Türkmənistan dövlət televiziyaları səsvermə günü haqda reportajları indidən çəkməyə başlayıblar.

Parlament seçkilərinə hələ iki həftə qalıb və hazırlanan reportajlar, güman ki, sonradan səsvermə günü çəkilmiş kadrlar kimi təqdim olunacaq’.

Bu haqda Azadlıq Radiosunun türkmən xidməti Daşoğuz bölgəsindəki mənbələrinə istinadla yazır.

Martın 25-də türkmənlər öz deputatlarını, eləcə də vilayət və şəhər sovetlərinin üzvlərini seçəcəklər.

Radionun məlumatına görə, son günlər dövlət TV-lərinin əməkdaşları Daşoğuzda çəkilişlər aparıblar, amma qurama səhnələrdə yerli sakinlər səsvermə günü fikirlərini bildirirmişlər kimi danışıblar.

 “Büdcə təşkilatlarının əməkdaşlarını bir yerə yığıb seçki məntəqəsinin işi barədə reportaj hazırladılar.

Seçici qismində çəkilən şəxslər özləri bir gün əvvəldən bülletenlərini doldurmuşdular.

Sonra səsvermə günüymüş kimi açıqlamalar verdilər ki, seçkiyə filan qədər adam qatılıb” – deyə Azadlıq Radiosunun türkmən xidmətinin hadisənin şahidi olan mənbəsi bildirib.

Radio məlumatı dəqiqləşdirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Amma komissiyanın rəsmisi məlumatı təkzib edib və seçki hazırlıqlarının qanuna uyğun aparıldığını deyib.

Radio Türkmənistanın bir sıra bölgələrindən olan insanlarla danışıb, onlardan seçkiyə münasibətlərini öyrənib.

Onların çoxu namizədləri tanımadıqlarını və seçkiyə qatılmayacaqlarını deyiblər.

Dövlət televiziyaları isə deputatlığa namizədlərin seçicilərlə görüşməsi, “açıq diskussiyalar aparması” haqda xəbərlər yayır.

Deputatlığa namizədliyini irəli sürmüş 284 şəxs arasında prezidentin oğlu Sərdar Berdımuxammedov da var.

Beynəlxalq hüquq müdafiə təşkilatları Türkmənistanda heç zaman azad seçkilər keçirilmədiyini bildirirlər.

 

Bastainfo.com