Kəmaləddin Heydərov məşhur şirkətini satdı (FOTO)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məşhur “Caspian Fish” şirkətininin xaricdəki bütün filialarını satıb.

GunAz.org-a daxil olan məlumatlara görə, “Caspian Fish”in xaricdəki filiallarını hazırda çinli iş adamları işlədir.

Məlumatda bildirilir ki, Kəmaləddin Heydərov ümumiyyətlə balıq biznesindən imtina edib və bu bizneslə daha məşğul olmayacaq.

Yeri gəlmişkən qeyd edək ki, ötən il son aylarında Azərbaycanda “Caspian Fish”in monopoliyasında olan biznesə yeni bir şirkətin qoşulması ilə bağlı rəsmi məlumat yayıldı. Belə ki, Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında “Neftchala Fish Factory” MMC-nin dövlət qeydiyyatına alındığı bildirildi.

Xəbəri şərh edən media qurumlarının xəbərlərində qeyd edilirdi ki, yeni müəssisə “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər, 153-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 310 min manat, qanuni təmsilçisi Nəriman Həsən oğlu Sərdarlıdır. Nəriman Sərdarlı 2010-cu ildən etibarən “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Qeyd edək ki, “Caspian Fish” şirkəti 2001-ci ilin 10 fevralında yaranıb. Şirkətin özü ilə bağlı bağlı hazırladığı təqdimatda deyilir: Şirkət kürü və balıq məhsulları istehsalı üzrə təkcə Azərbaycanda deyil, bütün post-sovet məkanında lider şirkətlərdən biridir. Caspian Fish yüksək dünya standartlarına uyğun qurulmuş müəssisədir. Təkcə onun açılışı üçün müxtəlif tikinti materialları, avadanlıq və müasir texnologiyaların əldə edilməsinə 56 milyon dollar həcmində xarici investisiya cəlb edilmişdir. Şirkət 96 çeşiddə balıq məhsulları, o cümlədən yüksək keyfiyyətli qara kürü istehsal edir. Qeyd edək ki, CITES və digər beynəlxalq təşkilatlar tərəfindən ciddi nəzarət altında olan kürü emalı və ixracı hüquqları Azərbaycanda yalnız Caspian Fish şirkətinə məxsusdur.

Xatırladaq ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib.

Ailəlidir. 2 övladı var.

Naxçıvanda mühüm dövlət vəzifələrində çalışmış Fəttah Heydərovun oğludur.

“Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun atasıdır.

Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını “Kamal” imza ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi “Nigaranam” mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın “Sənə güvəndiyim dağlar” adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.

Kəmaləddin Heydərov Fövqəladə hallar naziri olmaqla yanaşı Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Azərbaycan və dünya mediası Kəmaləddin Heydərovu həm də böyük biznesə sahib şəxs kimi tanıyır. Onun təkcə Azərbaycanda 350-dən çox şirkətinin olduğu bildirilir.