Kemerovoda yanan ticarət mərkəzində ölənlərin sayı 70 nəfərdən çox ola bilər

Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində dünən baş verən yanğın nəticəsində ölənlərin sayı 70 nəfərdən çox ola bilər. 

Bu haqda xilasedicilərə istinadən Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

Bildirilir ki, ticarət mərkəzindən indiyə qədər 56 nəfərin meyiti çıxarılıb, digər 16 nəfərin də sağ qalma ehtimalı azdır.

Yanğın bazar günü gunorta saatlarında başlayıb. Bildirilir ki, ticarət mərkəzində yanğına qarşı quraşdırılmış siqnalizasiya işə düşməyib. Qapıların kilidlənməsi yanğınsöndürənlərin işini çətinləşdirib. Xilasedicilər binanın 4-cü mərtəbəsində yerləşən kinoteatra yanğın başlayan yalnız 8 saat sonra daxil ola biliblər. Ölənlərin əksəriyyəti məhz kinoteatrın zallarında olub. Onların arasında 9 uşaq da olub.

Rusiya mətbuatı yazır ki, yanğın martın 26-sı səhər saatlarınadək söndürülməyib.

Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.