SON DƏQİQƏ: ABŞ 60 rusiyalı diplomatın qovulmasına qərar verdi

Onların arasında Rusiyanın BMT-dəki nümayəndəliyinin 12 üzvü də var

Birləşmiş Ştatlar ölkədən 60 Rusiya diplomatının qovulması və Sietl şəhərində yerləşən konsulluğun bağlanması haqqında qərar qəbul edib.

Bu haqda The Washington Post qəzeti xəbər yayıb.

Tramp administrasiyası bu addımı Rusiyanın keçmiş QRU polkovniki Serqey Skripal və onun qızının Böyük Britaniyada kimyəvi maddə ilə zəhərləməsinə cavab olaraq atıb. 

Xəbərdə qeyd edilir ki, Tramp administrasiyasının nümayəndəsi ABŞ-da Rusiyanın çoxlu sayda xüsusi xidmət orqanı nümayəndəsinin fəaliyyət göstərdiyi və onların diplomatik pasport arxasında gizləndiyi haqqında açıqlama yayıb.

ABŞ-dan qovulan diplomatların arasında Rusiyanın BMT-dəki nümayəndəliyinin 12 üzvü də var. 

Həmin diplomatların ABŞ ərazisini tərk etməsi üçün bir həftə vaxt verilib.

Avropa Birliyinin prezidenti Donald Tusk bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, Avropa Birliyinin 14 ölkəsi Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək, öz ölkələrindən müəəyən sayda Rusiya diplomatlarını qovmaq haqqında qərar veriblər.

Bu gün həmçinin Ukrayna 12 Rusiya diplomatının Kiyevdən qovulmasına qərar verib.

 

Mustafa Hacıbəyli

Bastainfo.com