Vergilər Nazirliyində maaş böhranı

Vergilər Nazirliyinin əməkdaşları 3 aydır maaş almır.

GunAz.org-a daxil olan məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri təyin olunandan indiyə kimi maaşlar verilməyib.

Əməkdaşlar maaşların verilməməsinin səbəblərini bilmədiyini deyirlər.

Qeyd edək ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra onlarla əməkdaşı işdən çıxardib.

Nazirliyin bununla bağlı yaydığı rəsmi məlumatda bildirilirdi:

“Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”, – deyə məlumatda vurğulanıb.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb:

“Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var”.