Əlikram Xurşidov sağ əli ilə solaxay zərbəni necə vurub? Məhkəmədə daha bir ifadə ifşa edildi

Martın 28-də Şirvan Rayon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun işi üzrə məhkəmə prosesi davam edib.

Əlikram Xurşidovun özünün iştirakıyla keçirilən məhkəmə prosesində onun ailə üzvləri ilə yanaşı, Müsavat başqanı Arif Hacılı, başqan müavinləri Razim ƏmiraslanlıSəxavət Soltanlı, Divan üzvü Elman Fəttah, Müsavat rəhbərliyinin və Şirvan şəhər təşkilatının nümayəndələri iştirak ediblər.

Şirvan şəhər təşkilatının təmsilçisi Saday Hacılının “Basta”ya verdiyi məlumata görə, bu gün keçirilən prosesdə Əlikram Xurşidov ifadə verib.

İddia edilir ki, guya Əlikram Xurşidov əlindəki daşla onunla 50 santimetr məsafədə olan zərərçəkən – polis mayoru Talıbov Elçin Nurəddin oqlunun sag ayağına daş vurub. Üzbəüz duran adama belə zərbəni ancaq solaxay adam vura bilər, Əlikram Xurşidov isə solaxay deyil. Xurşidovun vəkilləri Nemət Kərimli və Osman Kazımov bu ifadənin uydurma olduğunu ortaya çıxardılar”, – Saday Hacılı bildirib.

Proses aprelin 18-də saat 10:30-da davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci ilin noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan “xuliqanlıq” ittihamı irəli sürülüb. Daha sonra o, polisə xəsarət yetirməkdə də ittiham edilib.

Müsavat Partiyası bu ittihamları əssasız sayır, Əlikram Xurşidovun siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyini bildirir.

Bastainfo.com