Süpürgəçinin ölümü ilə bağlı – RƏSMİ MƏLUMAT

Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsi yolda təmizlik işləri aparan qadının ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb.

Oxu.Az-ın xəbərinə görə, məlumatda deyilir ki, martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “KamAZ” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Bastainfo.com