Müsavat AKM Avropada aksiyalara qərar verdi

Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) 8-11 aprel tarixlərində Avropanın bir sıra şəhərlərində aksiyalar keçirəcək.

Qurumun NTK sədri Əli Quliyevin “Basta”ya verdiyi məlumata görə, bu barədə Müsavat AKM-in Kordinatorlar Şurası martın 29-da qərar qəbul edib.

“Müsavat AKM-in təşkilatçılığı ilə Almaniyanın üç şəhəri də daxil olmaqla, Fransada, Hollandiyada və digər ölkələrdə 6-7 aksiyanın keçirilməsi nəzərdə tutulur. Aksiyaların bir qismi martın 8-də, bir qismi isə aprelin 11-də – Azərbaycanda seçki adı altında tamaşa qurulduğu gün baş tutacaq. Azərbaycanında qeyri-demokratik rejimə qarşı olan demokratik düşüncəli bütün soydaşlarımız aksiyaya dəvət olunacaq”, – Əli Quliyev bildirib.

O, qeyd edib ki, Musavat AKM-in sədri İlham Həsən bununla bağlı xüsusi çağırışla müraciət edəcək.

“Aksiyada ailə hakimiyyətinə son qoyulması, siyasi məhbusların azadlığa buraxılması tələb ediləcək. Azərbaycan xalqının iradəsindən kənar keçirilən bu seçkilərə beynəlxalq diqqəti cəlb edəcəyik, ölkədə gedən demokratik mübarizəyə öz tövhəmizi verəcəyik”, – Əli Quliyev vurğulayıb.

 

Bastainfo.com