Siyasətçilər ATƏT-in Seçki Müşahidə Missiyasının seçkilər barədə ilkin hesabatı barədə nə deyir?

“…Bir çox müsahibinin fikri belə olub ki, qanunla komissiyaların tərkibinin parlamentdə təmsil olunan siyasi qüvvələri əks etdirməsi seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra bilər”, bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının ilk aralıq hesabatında deyilən fikirlərdəndir.

BBC Azərbaycanca hesabatda haqqında danışılan seçici siyahısı, namizədlərin maliyyə hesabatları, debatlarla bağlı barədə siyasətçilərdən şərh alıb.

Hesabatla bağlı gün ərzində Mərkəzi Seçki Komissiyasından şərh almaq mümkün olmayıb.

ATƏT-in hesabatı “təəssüf doğurur”

“ATƏT-in aralıq hesabatı ölkədə seçkilərlə bağlı vəziyyəti tam əks etdirmir”, Müsavat partiyasının başqanı Arif Hacılı BBC Azərbaycancaya deyib.

Cənab Hacılı əlavə edib ki, ölkədə seçkiqabağı demokratik şəraitin olmaması, söz və ifadə azadlığının təhdid altında olması, 150-dən çox siyasi məhbusun olması, müxalifət partiyalarının seçkidə iştirak etməməsi və onun səbəbləri barədə açıqlamaların hesabatda yer almaması təəssüf doğurur.

Missiyanın seçki komissiyalarının azadlığını şübhə altına almasını şərh edən Arif Hacılı, bu komissiyaların hakimiyyətin tam nəzarəti altında olduğunu deyib.

“Bütün komissiyaların rəhbərləri Yeni Azərbaycan Partiyasının üzvləridir. Bu həmin komissiyalardır ki, bundan əvvəlki seçkiləri, referendumları saxtalaşdırıb. Ona görə də, ATƏT-in hesabatında bu məsələ barədə yarımçıq danışılması təəsüf doğurur”, cənab Hacılı qeyd edib.

1 milyon 900 min nəfər fərq

Arif Hacılı ATƏT-in hesabatında seçici siyahısındakı rəqəmlərə daha çox yer verilməli olduğunu qeyd edib:

“Statistika Komitəsinin verdiyi 18 yaşdan yuxarı olan vətəndaşların siyahısı ilə MSK-nın 18 yaşdan yuxarı olan seçicilərin siyahısı arasındakı rəqəm fərqi 1 milyon 900 min nəfərdir. Belə bir mühim faktın üzərindən bir cümlə ilə keçirilməsi mümkün deyildi.”

Seçkilər “qanunlara söykənir”

Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın HüseynovAzərbaycanda keçirilən seçkilərin qanunlara söykəndiyini deyib.

Cənab Hüseynov BBC Azərbaycancaya bildirib ki, seçki komissiyaları Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun təşkil olunub və əgər ATƏT seçki komissiyalarının azadlığını şübhə altına alırsa konkret qanunun pozulması faktını göstərməlidir.

Missiyanın namizədlərin maliyyə hesabatlarının dərc olunmaması ilə bağlı hesabatına rəy bildirən Aydın Hüseynov YAP-ın namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələrinin MSK-nın bütün tələblərinə vaxtında cavab verdiyini qeyd edir.

Siyahılarda “böyük fərqin olması absurddur”

“Seçki gününə qədər seçici siyahısında dəqiqləşmələr aparılır. Siyahılarda cüzi fərq ola bilər, amma böyük fərqin olması absurddur”, – Aydın Hüseynov ATƏT-in hesabatında seçki siyahılarında böyük fərqin olmasını bəyanatı verən qurum tərəfindən “anlaşılmazlıq” adlandırıb.

Monitorinq qısa müddətdə aparılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar MəmmədliATƏT-in hesabatında müəyyən çatışmazlığın olduğunu deyir.

“Bu hesabat cəmi iki həftəlik monitorinqi əsas götürən hesabatdır. Sənəddə müəyyən çatışmazlıqlar var. Bu da qısa müddətlə əlaqədardır”, cənab Məmmədli qeyd edir.

Anar Məmmədli ATƏT-in hesabatında qeyd etdiyi bir sıra məsələləri təqdir etdiyini bildirsə də, komissiyanın seçkiqabağı siyasi azadlıqların vəziyyəti ilə bağlı durumu çox detallı araşdırmadıqlarını bildirib.

“Ümid edirəm ki, bu çatışmazlıqlar növbəti hesabatlarda aradan qalxacaq”, Anar Məmmədli əlavə edib.

“Seçici siyahısı reallığı əks etdirir”

Milli Məclisinin deputatı, prezidentliyə namizəd Zahid Oruc seçki komissiyalarının tərkibi haqqında əvvəlki seçkilərdə də müzakirələr aparıldığını bildirib.

Cənab Oruc komissiyaların işindəki çatışmazlıqlara görə seçkiləri qurban verməyin düzgün olmadığını deyir:

“Əlbəttə, demirəm ki, seçki komissiyaları çox ideal işləyirlər, lakin yüz minlərlə, milyonlarla insanın haqlı iradəsinin hansısa məntəqələrdə baş verən saxtakarlığın, bir bülleten atmağın qurbanına çevrilməsinə yol vermək olmaz.”

Zahid Oruc seçici siyahısının mütləq reallığı əks etdirdiyini, hər hansı bir saxtakarlığın olmadığını və bütün digər iddiaların yalnış olduğunu bildirib.

“Maliyyə hesabatını təqdim etmişik”

Maliyyə hesabatını təqdim etdiklərini bildirən Zahid Oruc hesabatın MSK-nın saytına yerləşdirilməsinin onlardan asılı olmadığını deyir.

“İmzatoplamaq işində seçicilər könüllülük göstəriblər və orda vəsait xərclənməyib. Yeganə olaraq çap materiallarına 2200 manat vəsait xərcləniib”, cənab Oruc əlavə edib.

bastainfo.com