Cənubi Koreya və Birləşmiş Ştatlar birgə hərbi təlimlərə başlayıb

Cənubi Koreya və Birləşmiş Ştatlar bazar günü Qış Olimpiya Oyunlarının keçirilməsi və Şimali və Cənubi Koreyalar arasında danışıqların yenidən başlanması üçün şəraitin yaradılması məqsədilə bir aydan artıqdır təxiə salınan birgə hərbi təlimlərə başlayıb.

Quru, hava, dəniz donanması və xüsusi təyinatlı qüvvələrin cəlb edildiyi Foal Eagleadlı təlimlər bir ay müddətində davam etdiriləcək. Komputerlə simulyasiya edilmiş Key Resolve təlimləri isə aprel ayının ortaları üçün planlaşdırılıb.

Pentaqonun sözçüsü birgə təlimlərdə 23 min 700 ABŞ əsgəri və Cənubi Koreyanın 300 min nəfərdən ibarət qüvvələrinin iştirak edəcəyini bildirib. Seulda hərbi rəsmilər bildirib ki, birgə təlimlərin miqyası əvvəlki illərdə olduğundan daha artıq çərçivəyə çıxmayacaq.

Foal Eagle və Key Resolve birgə təlimləri hər il mart ayında keçirilirdi. Lakin bu il təlimlər fevfral ayında başlamış və ayın sonuna qədər davam etmiş Qış Olimpiya Oyunları və Paralimpiya Oyunları ilə əlaqədar olaraq təxirə salınmışdı.

Adətən, Cənubi Koreya və Birləşmiş Ştatları Şimali Koreyaya hərbi müdaxilə məqsədilə birgə təlimlər keçirməkdə ittiham edən rəsmi Pxenyan bu dəfə məsələ ilə əlaqədar səssiz qalır.

Mart ayında Şimali Koreyaya səfər edən Cənubi Koreya nümayəndə heyətinin başçısı, Cənubi Koreyanın Təhlükəsizlik Xidmətinin rəhbəri Çanq Eui-yonqun bildirdiyinə görə, ölkə lideri Kim Conq Un nümayəndə heyətinin üzvlərinə deyib ki, o, birgə hərbi təlimlər ətrafında vəziyyəti başa düşür.

Hərbi təlimlər son on ildə ilk dəfə olaraq iki Koreya arasında aprelin 27-də keçiriləcək sammitdən öncəyə təsadüf edir.

Kim Conq un və Cənubi Koreya prezidenti Mun Cae-inin Koreya yarımadasının nüvəsizəşdirilməsi və Koreyalararası münasibətlərin yaxşılaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparacağı gözlənilir.

 

Amerikanın Səsi