Kemerovo vilayətinin qubernatoru yanğınla əlaqədar istefa verib

Rusiyanın Kemerovo vilayətinin qubernatoru ticarət mərkəzində 60-dan çox insanın ölümülə nəticələnmiş yanğınla əlaqədar istefa verib.

Amerikanın Səsi yazır: 73 yaşlı Aman Tuleyev vilayət administrasiyasının veb səhifəsində yerləşdirilmiş video mesajında istefanın yeganə düzgün qərar olduğunu bildirib. Kremlin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin onun istefasını qəbul edib.

“Belə ağır yüklə qubernator vəzifəsində işləmək olmaz. Mənəvi olaraq mümkün deyil”, Tuleyev video müraciətində bildirib.

Kemerovoda hadisə qurbanlarının xatirəsini anmaq üçün minlərlə insan yürüş keçirib
Kemerovoda hadisə qurbanlarının xatirəsini anmaq üçün minlərlə insan yürüş keçirib

Keçən həftənin bazar günü vilayət paytaxtındakı “Qış albalısı” ticarət mərkəzinin sonuncu mərtəbəsində baş vermis yanğın kinoteatr kompleksi və uşaqların oyun meydançasını bürüyüb.

Belə ağır yüklə qubernator vəzifəsində işləmək olmaz. Mənəvi olaraq mümkün deyil.
Aman Tuleyev

Təhqiqatçılar bildirib ki, yanğın üçün nəzərdə tutulmuş çıxışlar qeyri-qanuni olaraq bağlandığı, ictimai xəbərdarlıq və siqnal sistemləri işləmədiyi üçün uşaqlar kinoteat zallarında bağlı qapılar arxasında qalıb.

Prezident Vladimir Putin hadisənin cinayətkarcasına laqeydlik üzündən baş verdiyini və məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib.

Cümə günü ticarət mərkəzinin sahibi olan şirkətin icraçı direktoru həbs edilib.

Belə fövqəladə bir halda vəziyyətin nəzarətsiz qalması Kemerovo sakinlərinin qəzəbinə səbəb olub və diqqəti yanğın təhlükəsizliyi standartlarına əməl olunmaması məsələsinə yönəldib. Hadisə qurbanlarının xatirəsini anmaq məqsədilə Moskva və Sankt Peterburq da daxil olmaqla, Rusiyanın bir sıra şəhərlərində yürüşlər keçirilib.

 

Bastainfo.com