Turkmənistan prezidenti oğlunu yüksək vəzifəyə qoydu

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov oğlu Sərdarı xarici işlər nazirinin müavini təyin edib.

Bundan əvvəl isə yerli media Sərdar Berdımuxammedovun seçicilərin 91 faizinin dəstəyini qazanaraq deputat seçilməsi haqda məlumat yayıb.

Seçkilər martın 25-də keçirilib. Sərdarın rəqibi məktəb müəlliməsi olub.

Müşahidəçilər Türkmənistan prezidentinin oğlunun hakimiyyət pillələrini asanlıqla qalxa bilməsini ölkədə sülalə rejiminin formalaşması yönündə növbəti addım sayırlar.

Türkmənistan konstitusiyasına görə, parlament ikinci mühüm hakimiyyət qoludur.

Əgər prezident səlahiyyətlərini icra edə bilməzsə, onu parlamentin sədri əvəzləyir.

Hazırda Türkmənistan parlamentinin sədri Akca Nurberdıyevadır.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının Orta Asiya üzrə eksperti Brüs Panier deyir ki, Nurberdıyevanın 61 yaşı var və o, ölkədə qadınlar üçün minimum pensiya yaşını 4 ildir ki adlayıb.

Əgər o, vəzifədən gedərsə, Sərdar Berdımuhammedoun de-fakto prezidentin varisi olmasına yol açılacaq.

Maraqlıdır ki, Akca Nurberdıyeva deputatlığa namizədliyini versə də, onun adı millət vəkili seçilənlər sırasında olmayıb.

36 yaşlı Sərdar Berdımuhammedovun siyasi karyerası 2016-cı ildə başlanıb.

O, parlamentdə boşalan yerlərin biri üçün keçirilən seçkilərdə qalib elan edilib.

Bundan sonra ölkə mediası onun fəaliyyətinə daha çox yer ayırmağa başlayıb.

2017-ci ildə o bir sıra xarici ölkələrdə rəsmi səfərdə olub.

Ötən il atası onu həm də “Vətən qarşısında xidmətlərə görə” medalla təltif edib.

O həm də atası ilə birlikdə ictimai tədbirlərdə iştirak etməyə başlayıb. Dövlət mediası bunu “nəsillərin varisliyi” kontekstindən işıqlandırır.

Sərdar rəsmi qəzetlərdə “xalqın oğlu” adlandırılır.

 

 Azadlıq Radiosu