Müsavat fəalı polisə aparıldı – Yenilənib

Şəkidə divarlara qum saatı şəklinin çəkilməsi məmurları narahat edib

Müsavat Partiyası Şəki şəhər təşkilatının sədr müavini Novruz Mikayıl bu gün günorta saatlarında yerli polis şöbəsinə aparılıb.

Bu haqda “Basta”ya təşkilatın sədri Bakıxan Qəribli məlumat verib.

“Sahə müvəkkili bir başqa polislə birgə onu polisə aparıb. Artıq iki saatdır polis şöbəsindədir. Telefonu söndürülüb. Deyirlər ki, Novruzun yaşadığı Köbər Zəyzid kəndinin  girəcəyində bir qum saatının şəkli çəkilib və bu nəyəsə işarədir. Bu şəkilə görə şübhəli bildikləri polisə aparıb dindirirlər”, – Bakıxan Qəribli bildirib.

Təşkilat sədri ehtimal edir ki, onun müavini bu şəkillərə görə yox, sosial şəbəkədə fəallığına görə polisə aparılıb. 

“Şəkinin bir sıra yerlərində qapılara və divarlara qum saatının şəkli çəkilib. Xüsusən Bideyiz kəndində bir sıra darvazalara, hətta bir polis əməkdaşının darvazasına bu şəkli çəkiblər”, – Bakıxan Qəribli əlavə edib.

***

Təqribən 5-6 saat polis şöbəsində dindirildikdən sonra Novruz Mikayıl sərbəst buraxılıb. Bakıxan Qəriblinin verdiyi məlumata görə, ona Şəkidə divarlara qum saatı şəklinin çəkilməsi ilə bağlı suallar verilib.

“Ona deyiblər ki, bu, inqilaba işarədir. Novruz Mikayıl isə cavab verib ki, Müsavat Partiyası şəffaf fəaliyyət göstərir və mübarizədə işarələrdən istifadə etmir. Bundan sonra o, sərbəst buraxılıb”, – Bakıxan Qəribli bildirib.

 

Bastainfo.com